Bu günlərdə sosial şəbəkələrdə yayılan bir video bir çox valideynin, mütəxəssisin və ümumilikdə cəmiyyətin vicdanına toxundu. Lənkəranda bir bağçada tərbiyəçinin azyaşlı uşağa su qabı ilə zərbə endirməsi, bunu başqa bir uşağın əli ilə etməsi və ardınca susqunluq... Həmin uşağın yanına müəllim yox, başqa uşaqların gəlib onu qucaqlaması... Bu, sadəcə bir hadisə deyil. Bu, bir çox suallar doğuran, ağrılı bir psixoloji mənzərədir.
Bu görüntülərə baxdığım zaman yalnız fiziki zorakılığı deyil, bu hadisənin uşaqların psixologiyasında buraxdığı izləri, onun gələcək təsirlərini düşünürəm. Və bu yazını həm bir mütəxəssis, həm də bir valideyn kimi qələmə almaq istədim.
Zorakılıqla üzləşən uşaq nə hiss edir?
Uşaq psixologiyasının ən önəmli xüsusiyyətlərindən biri onun həssaslığıdır. Uşaq ətrafındakı sosium-valideynləri, bağça yoldaşları, sinif yoldaşları, müəllimləri, tərbiyəçiləri vasitəsilə dünyanı anlamağa, onlarla münasibət qurmağa, özünün dünyadakı yerini müəyyən etməyə çalışır. Bu dövr uşağın şəxsiyyətinin formalaşdığı, "mən kiməm?", "mən dəyərliyəmmi?" kimi daxili suallara cavab axtardığı zamandır. Bu dövrdə aldığımız mesajlar birbaşa şəxsiyyətimizin əsas daşlarını təşkil edir.
Fiziki zorakılığa məruz qalan uşaq adətən 3 əsas duyğunu yaşamağa başlayır:
1. Qorxu – Dünya təhlükəli bir yer kimi görünməyə başlayır.
2. Günahkarlıq – Uşaq çox vaxt özünü günahkar sayır. "Mən pis davrandım deyə məni vurdular" düşüncəsi formalaşır.
3. Utanc və dəyərsizlik – "Demək, mən bu rəftara layiqəm" hissi ilə böyüyür.
Bu duyğular zamanla depressiya, davranış pozuntuları, aqressivlik, sosial fobiya, şəxsiyyət pozuntuları ilə nəticələnə bilər. Xüsusilə bağça mühiti kimi sosial və öyrədici bir yerdə baş verən zorakılıq uşağın həm müəllimə, həm sistemə, həm də həmyaşıdlarına güvənini dağıdır.
Psixoloji travma təkcə zorakılığı yaşayan uşağın deyil, ona şahid olan uşaqların da yaşadığı bir hadisədir. Bu görüntülərdə uşaqların qorxmuş baxışları, baş verəni anlamamağa çalışmaları və bir növ "emosional kömək göstərmək" üçün zərərçəkmiş uşağın yanına gəlmələri — travmanın bir başqa üzü idi.
Bir uşağın psixikasında belə anlar "təhlükə zamanı böyüklər səssiz qalırsa, demək normaldır" kimi yanlış qənaət formalaşdıra bilər. Bu, gələcəkdə zorakılığı görüb susan, ya da onu davam etdirən bir nəsil yetişdirə bilər. Bu, bizi ciddi şəkildə düşündürməlidir.
Bəs tərbiyəçilər niyə zorakı davranır?
Əvvəlcədən deyim: heç bir səbəb zorakılığı haqlı çıxarmır. Amma başa düşmək və qarşısını almaq üçün səbəbləri analiz etməliyik. Stress və böhran menecment qabiliyyətinin zəifliyi, emosional tükənmə, zəif peşəkar hazırlıq tərbiyəçilərdə bu tip aqressiv davranışların yaranmasına səbəb olur. Onların uzun müddət psixoloji dəstək almadan, ağır şərtlərdə işləməsi onlarda emosional tükənmə yaradır. Bu da empatiya və nəzarət bacarığını azaldır. Təbii ki, uşaqla davranış psixologiyası haqqında təlim keçməyən biri aqressiv və ya qeyri-adekvat reaksiyalar verə bilər. Uşaqla ünsiyyətini doğru və sağlam şəkildə qurmaz. Bir də nəzərə alaq ki, tərbiyəçilərin özləri də uşaqlıq dövründə zorakılıq yaşamış şəxslər ola bilər. Uşaq ikən zorakılığa məruz qalan bəzi insanlar bu davranışı "tərbiyə üsulu" kimi normallaşdıra bilər.
Amma qeyd olunduğu kimi, bu səbəblərin heç biri zorakılığı haqlı çıxarmır. Biz sadəcə zorakılığın qarşısını almağa çalışmalıyıq. Bağçalar yalnız fiziki deyil, psixoloji təhlükəsizlik baxımından da monitorinq olunmalıdır. Tərbiyəçilər üçün müntəzəm psixoloji təlimlər keçirilməlidir, emosional tənzimləmə, stresslə mübarizə, aqressiyaya nəzarət kimi sahələrdə dəstəklər təşkil olunmalıdır. Uşaqlara özlərini qorumağı öyrətməliyik. Uşaqlara bədənlərinin toxunulmaz olduğunu, "yox" demək hüquqları olduğunu və təhlükə anında kimə müraciət edəcəklərini anlatmalıyıq.
Bu işdə valideynlərə də böyük iş düşür. Valideynlər də fəal izləyici olmalıdır: Valideynlər yalnız yemək menyusunu yox, bağçadakı münasibətləri, emosional atmosferi də soruşmalıdır.
Və bəlkə də ən vacibi: susmamalıyıq
Zorakılıqla bağlı yayılan bu video bir mesaj verir: susduqca belə hallar davam edir. Biz – valideynlər, mütəxəssislər, jurnalistlər, vətəndaşlar – bu hadisəyə reaksiya vermədikcə, növbəti zorakılıq görüntüsü sadəcə zaman məsələsi olacaq.
Unutmayaq ki, bu gün qorunmayan bir uşaq sabah cəmiyyətə ya qorxaraq, ya da qəzəblə qayıdacaq. Hər ikisi təhlükəlidir. Ona görə də bu zərbəni ciddiyə alaq. Bu təkcə bir su qabının zərbəsi deyildi – bu, bir uşağın inamına, güvəninə və gələcəyinə dəyən zərbə idi.
Gəlin, onun yerində öz övladımızı təsəvvür edək. Nə hiss etdinizsə, bax, o hiss sizi hərəkətə keçirməlidir.
Ramil Hüseynzadə
Azərbaycan Psixologiya Akademiyasının konsultantı, həkim-psixiatr