Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan bayram namazından sonra jurnalistlərə açıqlama verib.
Modern.az xəbər verir ki, Allahşükür Paşazadə ermənilərin İrəvan qazılığı ilə bağlı etirazına münasibət bildirib.
Şeyx deyib ki, erməni tərəfinin dedikləri onu maraqlandırmır.
"Biz İrəvan qazılığını təzə yaratmamışıq, onu bərpa etmişik. İrəvanda aparılan siyasətin nəticəsində azərbaycanlılar deportasiyaya məruz qaldıqdan sonra qazılığın fəaliyyəti dayandırılmışdı. Biz məsləhətləşmələrdən sonra, azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına inanaraq, mənəvi dayaq üçün qazılığı bərpa etdik", - deyə o qeyd edib.
Xatırladaq ki, bu il mayın 22-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası İrəvan qazısının fəaliyyətini bərpa edib. QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov İrəvan Qazılar Şurasının sədri təyin edilib.