"Bilirəm ki, baş nazirin son günlər kilsəyə və kilsə nümayəndələrinə qarşı səsləndirdiyi ifadələrə qəzəbinizi bildirməyə gəlmisiniz. Baş nazirin səsləndirdiyi bu ifadələrin ümumi hiddətə səbəb olduğunu bilirik. İnanıram ki, Allahın lütfü və köməyi ilə bu sınaqdan sizinlə birlikdə təvazökarlıqla və həddindən artıq emosionallıq olmadan qalib çıxacağıq".
Modern.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin İrəvandakı “Zvartnots” hava limanına toplaşan ermənilərə və jurnalistlərə deyib.
“Zvartnots” hava limanına toplaşan əsasən parlamentin müxalif “Hayastan” fraksiyasından olan deputatlar, “Hayakve” təşəbbüs qrupunun üzvləri və digər şəxslər də olub.
"Kilsəni sevmək üçün iman və sədaqətinizdə möhkəm olun. Biz sizin bu münasibətinizi yüksək qiymətləndiririk, lakin onu da bildirmək istəyirik ki, bu, bizi, din xadimlərini eyni sədaqətlə öz missiyamızı yerinə yetirməyə daha da məcbur edir. Çağırışımız ondan ibarətdir ki, çətin anlarda siz milli birliyimizi qətiyyətlə və sarsılmaz olaraq həyatımızda qoruyasınız və onu pozmağa imkan verməyəcəksiniz. İnanırıq ki, biz vahid səylə, gücümüzü birləşdirərək, bütün sınaqlara tab gətirə, öhdəsindən gələ biləcəyik, Allah bu gün və əbədi olaraq xalqımıza kömək etsin”, - deyə katalikos bildirib.
II Qaregin onu da qeyd edib ki, kilsənin nizamnaməsinə əsasən, ruhaniliklə bağlı məsələlər müvafiq orqanlar tərəfindən müzakirə edilir.
“Zvartnots” hava limanına toplaşan bir neçə yüz erməni xaricdən Ermənistana qayıdan II Qaregini alqışlayıb, bununla da katalikosu dəstəklədiklərini bildiriblər.
Ermənistan Baş naziri Nikol Paşinyanın son günlər kilsə əleyhinə ard-arda açıqlamalar verməsi, subaylıq andını pozan din xadimlərini suçlaması, xüsusilə də bütün ermənilərin katalikosu II Qareginin adını çəkərək, onun ünvanına ittiham səsləndirməsi İrəvanda vəziyyəti gərginləşdirib.
"II Qaregin könüllü olaraq qəbul etdiyi subaylıq andını pozub və övladı var. Bu faktdır və o bunu təkzib etməyə çalışsa, yalan danışmağa cəhd göstərsə, mən müvafiq formatda sübut təqdim edəcəm", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Erməni Apostol Kilsəsinin Nizamnaməsinə uyğun olaraq II Qareginin yepiskop, arxiyepiskop, deməli, katolikos olmaq hüququ yoxdur və o istefa verməlidir.
“Katolikos II Qaregin (Ktriç Nersisyan) Eçmiədzinin ana taxtını tərk etməlidir”, - Paşinyan əlavə edib.
Baş nazir deyib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır. Paşinyan bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün tezliklə Koordinasiya Qrupu yaradacağını vurğulayıb.
A.Qorxmaz