Modern.az

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Aktual

11 İyun 2025, 13:18

Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər uzun müddətdir ödəniş sistemində ara-sıra yaşanan texniki və funksional çatışmazlıqlardan narahatlıq ifadə edirlər. Hazırda ictimai nəqliyyatda ödəniş üçün “BakıKart” və QR üsulu mövcuddur. Ödəniş üçün nəzərdə tutulan terminalın çatışmazlığı, QR ödənişlərində sistemin tez-tez çökməsi sərnişinləri çətin vəziyyətə salır.

Qeyd edək ki, ictimai nəqliyyatda bank kartları ilə ödəniş sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Modern.az-a açıqlamasında qeyd edib ki, hazırda AYNA tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir:

“Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də öz münasibətini bildirib: 

“İctimai nəqliyyatda ödənişlərin müxtəlif və əlçatan olması arzuolunandır. Bu, həm sərnişin rahatlığını təmin edir, həm də sistemdə yaranan texniki problemlərin təsirini minimuma endirir. Hazırda Bakıda ödəniş yalnız “BakıKart” və müəyyən hallarda QR kod vasitəsilə mümkündür. Lakin bu iki sistemin kifayət qədər çevik olmaması, texniki nasazlıqlar və aparatların azlığı sərnişinləri çətin vəziyyətdə qoyur”.

Ekspert vurğulayıb ki, bank kartları ilə birbaşa ödəniş, eləcə də beynəlxalq elektron ödəniş vasitələri - Apple Pay, Google Pay və s. kimi sistemlərin tətbiqi müzakirə olunur:

“Düşünürəm ki, bu istiqamətdə konkret addımlar atılmalıdır. İnsanların fərqli şəraitlərdə rahat ödəniş etmələri üçün alternativ imkanlar yaradılmalıdır. Məsələn, “BakıKart”da balans artırmaq mümkün olmadıqda və ya internet olmadığı halda, sərnişin bank kartı və ya mobil cüzdan vasitəsilə ödəniş edə bilməlidir, -deyə o bildirib”.

Aytac Bəhruzqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum