Şəkidə Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın 75 illik yubileyi qeyd olunub.
Modern.az xəbər verir ki, iyunun 10-da Şəkidə müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, AR Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirində qonaqları və tədbir iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını, belə şəxslərdən birinin də məhsuldar və istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildirib.
Vaqif Aslanın şairliyi ilə yanaşı, dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanındığını qeyd edən icra başçısı onu yubileyi münasibətilə şəhər ictimaiyyətinin adından təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, AR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı, BDU-nun professoru Allahverdi Məmmədli, filologiya elmləri doktoru, şair İslam Sadıq, fizika üzrə fəlsəfə doktoru, şair Fikrət Əsgərov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, Azərbaycan Yazıçılar birliyinin əməkdaşı Taleh Mansur çıxış edərək Vaqif Aslana yubiley təbriklərini çatdırıb, şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər, həmçinin şairin 75 illik yubileyi münasibətilə hazırlanmış “Ruhlarla danışan adam” adlı kitab haqqında məlumat verilib.
75 illik yubileyi münasibətilə şair-publisist Vaqif Aslana Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yubilyara ünvanladığı təbrik məktubu, çıxış edənlər tərəfindən muxtəlif mukafatlar və xatirə hədiyyələri təqdim edilib.
Şair-publisist Vaqif Aslan çıxış edərək yubiley tədbirinin təşkilatçılarına, ünvanına dedikləri xoş sözlərə görə çıxış edənlərin hər birinə öz təşəkkürünü və minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirilib, həmçinin Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq musiqi məktəbinin təqdimatında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.