Modern.az

Şuşa Bəyannaməsi qardaşlığın həm sözdə, həm də əməldə təsdiqidir

Şuşa Bəyannaməsi qardaşlığın həm sözdə, həm də əməldə təsdiqidir

Aktual

11 İyun 2025, 23:53

“2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik Münasibətləri Bəyannaməsi (Şuşa Bəyannaməsi) strateji sənəd kimi zaman keçdikcə öz əhəmiyyətini daha da artırır. Çünki regionumuzda və dünyada baş verən ictimai, siyasi və iqtisadi proseslər, artan gərginliklər, münaqişələr Azərbayca ilə Türkiyə arasında əməkdaşlığın gücləndirilməsini zəruri edir. İki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasından 4 il keçməsinə baxmayaraq, sənədin təsir gücünü bu gün çox aydın şəkildə hiss etməkdəyik. Bu sənəd hərbi, siyasət və iqtisadiyyatla yanaşı mədəni və humanitar sahələrdə də əməkdaşlığın daha da dərinləşdirməyi hədəfləyir. Münasibətlərimizin inkişafının konseptual istiqamətləri müəyyən edən sənəd gələcək uğurlarımıza yol açır. Şuşa Bəyannaməsi Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya göstərir”. 

Bunu saytımıza açıqlamasında Milli Məclisin üzvü Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin əhəmiyyəti 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə müqayisə olunur ki, bu da təsadüfi deyil: “Hər iki sənəd əməkdaşlığımızın inkişafının təməl prinsiplərini özündə əks etdirir. Azərbaycan tarixən müstəqillik və suverenlik uğrunda mübarizədə Türkiyənin dəstəyini hiss edib, görüb. 1994-cü ildə imzalanmış “Dostluq və Əməkdaşlıq Müqaviləsi”, 2010-cu ildə imzalanmış “Strateji Tərəfdaşlıq Müqaviləsi” mənəvi yaxınlığımızın hüquqi sənəd üzərində ifadəsi idi. Təbii ki, münasibətlərimizin daimiliyi və dönməzliyinin əsasında ölkə liderlərinin qarşılıqlı etimadları, bir-birinə olan güvənləri dayanır. Azərbaycan-Türkiyə münasibətləri bu gün bir çox ölkələr üçün nümunəvi xarakter daşıyır. Ölkələrimiz təhlükəsizlik siyasəti, iqtisadiyyat və mədəni mübadilə də daxil olmaqla, bir çox sahələrdə bir-birini ciddi tərəfdaş hesab edir. Ərazilərimizdə baş vermis xoşagəlməz hadisələrə - təbii fəlakətlərə ilk reaksiya verən ölkələr olaraq bəzən icazə almadan, məlumat vermədən kömək əlimizi bir-birimizə uzadır, xilasedicilərimizi hadisə baş verən yerlərə göndəririk. Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək səviyyədə olduğunu təsdiqləyən sənəddir. Sənəd imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Həm 44 günlük Vətən müharibəsi zamanı, həm də sonrakı dövrdə qardaş ölkənin dəstəyi Azərbaycan xalqına güc, ruh verdi. Torpaqlarımızın azad edilməsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyənin həmrəyliyinin rəsmi ifadəsi idi və ərazimizin təhlükəsizliyinin qorunması, xaricdən oluna biləcək təhdidlərin dəf edilməsi üçün hüquqi baza hesab olunur. İki ölkənin müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığının müsbət nəticələri hər kəsə bəllidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu fakt Ermənistana və onun havadarlarına qarşı ciddi mesaj oldu. Şuşada Türkiyənin konsulluğunun açılması da nəzərdə tutulur ki, bunun da önəmi çox böyükdür”.

M.Vəliyeva qeyd etdi ki, Şuşa Bəyannaməsi həm də türk dilli dövlətlərin inteqrasiyası baxımından çox əhəmiyyətlidir: “Qarşılıqlı hörmət, etimad və həmrəyliyə əsaslanan münasibətlərimizdəki yeni dinamika bizi yeni hədəflərə daha da yaxınlaşdırır. Regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyi, hər iki ölkənin və xalqların mənafeyinə uyğun olaraq müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyi şərtləndirən Bəyannamə ortaq dəyərlərimizə, qarşılıqlı maraqlarımıza söykənir. Türkiyə və Azərbaycan bundan sonra da bütün beynəlxalq platformalarda bir-birini müdafiə edəcək, regionda sülh və tərəqqinin olması üçün sələrini gücləndirəcəkdir. Şuşa Bəyannaməsi yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmaqdadır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin yaxından iştirakı buna sübutdur. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi bu gün reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Şuşa bəyannaməsi həm də revanşist qüvvələrə vacib mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”. 

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum