Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.
Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb.
Dövlətimizin başçısı, həmçinin bildirib ki, zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil edib. “Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.