Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Pirəbbə kənd sakinləri ilə səyyar görüş keçirib.
Modern.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yuxarı Qaramanlı kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Pirəbbə kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla, xalqımızın dövlətçilik ənənələrinin bərpa edildiyi, ictimai-siyasi sabitliyin təmin olunduğu və müstəqilliyimizin möhkəmləndiyi bir gündür. Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısındakı əvəzolunmaz xidmətləri xüsusi vurğulanıb və Ümummilli Liderin qətiyyətli və uzaqgörən liderliyi nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olaraq, güclü və müstəqil dövlətə çevrilməsi haqqında məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, 32 il əvvəl Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi. O, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirərək ölkənin gələcək inkişafının təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan öz geosiyasi imkanlarını genişləndirdi, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən qurtuldu. Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strateji xətt və diplomatiya formalaşdırdı ki, hətta Azərbaycanın bədxahları belə onun dühası və uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Bu strateji xətt yalnız ölkənin uzunmüddətli inkişafını təmin etmədi, eyni zamanda dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin əsas təminatına çevrildi. Bu gün isə biz Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş qalib bir dövlət kimi qeyd edirik. RİH-in başçısı bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xətti və ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərazisində bankomat quraşdırılması, kəndin elektrik təsərrüfatının yenilənməsi, Yuxarı Qaramanlı- Kürqarabucaq kəndlərini birləşdirən körpünün təmir olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.