Samuxda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatı Mübariz Qurbanlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev yığıncağı açaraq, öncə Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü Azərbaycan Xalqı üçün çox əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndər - Heydər Əliyevdir.
Ulu Öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında qeyd etdi ki, Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.
Sonda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov isə çıxışında birdirdi ki, böyük tarixi şəxsiyyət Heydər Əliyevin qətiyyəti Azərbaycanı xaosdan xilas etdi, siyasi çəkişmələrə son qoyuldu. İctimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əsaslı dönüş yaradıldı ki, bunlar da özlüyündə Azərbaycan dövlətçiliyinin müstəqil, demokratik, dünyəvi, bəşəri dövlət kimi davam etdirilməsində möhkəm dayaqlara söykənən vəsilə oldu.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxslər Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildilər.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.