Modern.az

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans - FOTOLAR

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans - FOTOLAR

Aktual

12 İyun 2025, 15:47

Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən Respublika elmi konfransı təşkil olunub.

Modern.az xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev 15 İyun-Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq səhifələrindən olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1993-cü ildə Azərbaycan ozamankı siyasi hakimiyyətin idarəetmədə təcrübəsizliyi ucbatından böyük bir xaosun içərisinə düşmüş, vətəndaş müharibəsinə aparan hadisələr ölkənin müstəqilliyini təhlükə altına atmış, Ermənistanın daha geniş ərazilər qoparmaq planına təkan vermiş və bütün bu proseslər xalqımızı dərindən  sarsıtmışdı. Belə bir vəziyyətdə Azərbaycanın güclü, təcrübəli liderə ehtiyacı yaranmışdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya çağrıldığını deyən Yaqub Piriyev təcrübəli siyasətçinin Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən çıxarmaq üçün atdığı mühüm addımları vurğulayıb. Əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, hərbi baxımdan güclənən Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi, ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu və Ümummilli Liderin ən böyük hədəflərindən biri olan Qarabağın azadlığı reallaşdırıldı.

Çıxışının sonunda Azərbaycanın möhtəşəm qələbələrinin möhkəm təməlinin 15 iyun tarixindən başladığını deyən rektor Heydər Əliyev yolunun ölkəmizi daim böyük zəfərlərə aparacağına əminliyini ifadə edib.  

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Qurtuluş Günü- Azərbaycan xalqının müqəddəratını həll edən hadisə” adlı məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndərin xilaskarlıq missiyasından, Azərbaycanı parçalanmaqdan qorumaq üçün atdığı mühüm addımlardan geniş bəhs olunub. Çıxışda Azərbaycan xalqının İlham Əliyevin Ali Baş Komandanlığı altında möhtəşəm Zəfərə imza atmasının Heydər Əliyevin itirilmiş torpaqlara qayıtmaqla bağlı uzaqgörənliklə söylədiyi fikirlərin real təntənəsi olduğu vurğulanıb.

Konfransda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Məclisin deputatları-Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Mehriban Vəliyeva və Şahin Seyidzadə məruzə ilə çıxış ediblər. Məruzələrdə 15 iyun Azərbaycanın taleyini dəyişən gün, Zəfər tariximizin başlanğıcı kimi xarakterizə edilib.

 






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı