İyunun 15-i bir çox ölkələrdə Ümumdünya Külək Günü qeyd olunur.
Modern.az xəbər verir ki, ilk baxışdan qeyri-adi görünən belə bir bayramın yaradılmasının təşəbbüskarları Avropa Külək Enerjisi Assosiasiyası və Qlobal Külək Enerjisi Şurasıdır. Burada məqsəd külək enerjisinin nəhəng potensialına ictimaiyyətin, ilk növbədə, müxtəlif ölkələrin enerji komplekslərinin nümayəndələrinin diqqətini cəlb etmək olub.
İlk Ümumdünya Külək Günü 2007-ci ildə Avropada qeyd edilib. Artıq 2009-cu ildə dünya festivalı statusu alıb, 30-dan çox ölkə bu bayrama qatılıb. Hər il onların sayı sürətlə artır.
Hər il bir mövzu ətrafında qeyd edilən Ümumdünya Külək Gününün builki mövzusu “Dəyişikliyi yönləndirən enerji”dir.
Mütəxəssislərin fikrincə, külək enerjisinin inkişafı təkcə energetikada deyil, həm də iqtisadi və ekoloji məsələlərdə bir çox problemin həllinə kömək edəcək. Xüsusilə, bu istiqamətdə fəal iş hər il tükənən enerji mənbələrinə yatırılan külli miqdarda vəsaitin azalmasına səbəb ola bilər. Nəticədə məhdud yanacaq ehtiyatları problemi o qədər də kəskin olmayacaq, dünya qlobal iqlim dəyişikliyi böhranından çıxa biləcək.
Külək enerjisi bərpaolunan enerji mənbəyidir. Bu növ enerjinin əldə edilməsi küləyin kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən ibarətdir. İnsanlar hələ eramızdan əvvəlki dövrlərdə dəyirmanlardan istifadə etməyə başlayıblar. Dünyada ilk külək ferması 1890-cı ildə Danimarkada tikilib və o vaxtdan bəri həmin enerji növündən fəal istifadə olunur. Həmin ölkədə istehsal olunan bütün enerjinin təxminən 47 faizi külək stansiyalarından əldə edilir.
Ekspertlər külək turbinlərinin gələcək üçün vacib olduğunu deyirlər. Artıq bir çox ölkələr bunu başa düşürlər. Külək elektrik stansiyaları (KES) bu gün dünyanın 80-ə yaxın ölkəsində uğurla fəaliyyət göstərir və minlərlə insan külək enerjisinin istehsalı ilə məşğuldur. Hazırda istismara verilən külək turbinlərinin gücünə görə əsas liderlər Çin, ABŞ, Almaniya, İspaniya və Danimarkadır.
Ümumdünya Külək Gününün təşkilatçıları vurğulayırlar ki, bu günün əsas vəzifələrindən biri geniş ictimaiyyəti külək enerjisi ilə tanış etməkdir. İnsanlara külək enerjisinin necə ərsəyə gəldiyi praktikada göstərilir. İyunun 15-də dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər, o cümlədən əhali üçün külək stansiyalarına ekskursiyalar və mütəxəssislərlə görüşlər təşkil olunur, “Külək – alternativ enerji mənbəyi” mövzusunda fotosərgilər, mühazirələr və seminarlar keçirilir.