İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının dövlət sərhədinin Astara buraxılış məntəqəsindən keçidi davam edir.
Modern.az Apa-ya istinadən xəbər verir ki, münaqişə başlayandan bəri, artıq 3 gündür ki, bir neçə xarici ölkənin vətəndaşları Azərbaycan ərazisi vasitəsilə təxliyə olunurlar.
Onların qarşılanması, təhlükəsiz keçidinin təçin olunması üçün ərazidə hər cür şərait yaradılıb.
İrandan təxliyə olunan xarici vətəndaşlar məntəqədə qarşılanır, onlara lazımı köməklik göstərilir.
Həmin şəxslərin qarşılandığı yerlərdə çay süfrələri təşkil olunub. Bununla yanaşı, ehtiyacı olanlar üçün əraziyə təcili tibbi yardım maşınları və həkim qrupu cəlb edilib.
Həmin şəxslər qaydalara uyğun olaraq sərhəd-gömrük nəzarətindən keçdikdən sonra xüsusi ayrılmış avtobuslarla lazımı ünvanlara çatdırılırlar.
Azərbaycan dövləti tərəfindən xarici vətəndaşların təhlükəsiz keçidi və ünvanlara rahat çatdırılması üçün tədbirlərin görülməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən dövlətimizə və Prezident İlham Əliyevə xüsusi təşəkkür edilib.
Eyni zamanda xarici vətəndaşlar da yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirirlər.