Modern.az

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

Aktual

16 İyun 2025, 15:09

Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta məsələsidir. Çox vaxt zərər çəkmiş vətəndaşların evləri və torpaq sahələri sığortalanmadığı üçün baş vermiş dağıntıların fəsadları dövlət və ya fərdi imkanlar hesabına aradan qaldırılmalı olur. Bu isə həm zərərçəkənlər üçün sosial-iqtisadi yük yaradır, həm də dövlətin maliyyə resurslarına əlavə təzyiq göstərir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlaması zamanı bildirib ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir:

“Müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınır. Hətta  ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Düşünürəmki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, bu tədbirlər şəhərlərdə də mütəmadi olaraq keçirilməli və əsasən əhaliyə sığortanın əhəmiyyəti, önəmi barədə ətraflı məlumat verilməlidir:

“Əgər bu gün daşınmaz əmlakın icbari sığortasına tələbat kifayət qədər deyilsə buna başlıca səbəb insanların məlumatının az olmasıdır. Bu səbəblərdən də biz icbari sığorta sisteminə üstünlük verməliyik. Ümumiyyətlə icbari sığorta sığorta münasibətlərinin inkişafına stimul yaradan bir sığorta növüdür. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə edir ki, bu da bütövlükdə sığorta bazarının genişlənməsinə və sığorta imkanlarının artmasına gətirib çıxardır”.

O həmçinin qeyd edib ki, daşınmaz əmlakın sığortalanması üçün elektron sistem də yaradılmalıdır.

“Bu yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olar,- deyə M.Cəfərov söyləyib”.

Aytac Bəhruzqızı

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır