Modern.az

Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın!

Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın!

Aktual

19 İyun 2025, 21:54

İki il öncə güclü yeraltı təkanların dağıtdığı Kahramanmaraşda bugün duyğu yüklü, düşüncə əsaslı fikir təkanları baş verdi: dost da, dosta ola bilməyənlər də Azərbaycan Məhəlləsindən nəsibini aldı. Bilirsiz, bu, nə deməkdir? - Bir dastana, epopeyaya mövzu ola biləcək bu hadisənin bir neçə özəl, incə çizgisi vardır. Qarabağda, Zəngəzurun Gündoğarında kəndlər, şəhərlər tikən, “Böyük Qayıdış” Proqramını həyata keçirən Azərbaycan Respublikası, tarixi Zəfərinin sevincini qardaş ölkəyə daşıyır. Bu, Azərbaycan ilə Türkiyənin doğrudan -doğruya bir millət, iki dövlət olduğunu təntənəli surətdə və bir daha sübut edir! Sübut edir ki, dörd yanımızda aləmin bir-birinə qarışdığı zamanda Azərbaycan ilə Türkiyə sabitlik, inkişaf, ümid və inam ünvanlarıdır. Hər qardaş qonşuluq, hər qonşu qardaşlıq edə bilmir. Bu anlamda, Kahramanmaraşda bugün yaşananlar, qardaşlığımız üzərinə kölgə salmaqçün marıxda yatanların ovqatını əməlli-başlı pozur. Ayrıca, Kahramanmaraş adı, coğrafiyası simvolik anlamlar da daşıyır və bugünümüzlə səsləşmələr içindədir. Bəlli - böyüklü-kiçikli bacılar ötən yüzilliyin əvvəllərində oralarda min hoqqadan çıxırdı; ancaq ümumişlək sözlə desək, xalq ruhunun cəsarəti paşa, məmur, vəkil, mühəndis və b. gözləmədən hətta bir südçünün, imamın və yeniyetmənin belə, işğalçılara üsyan bayrağı qaldıra biləcəyini bir daha və bir daha sübut etmişdi o illərdə... 
Kahramanmaraş elə Kahramanmaraşdı!
Kahramanmaraş belə Kahramanmaraşdı!
Bəli,
Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılışı və bununla bağlı, Prezident Əliyevin Türkiyəyə səfəri tarixi xarakter daşıyır. 
Söhbət təkcə tikilən məhəllədən deyil, yeni mərhələdən, yüksələn mərtəbədən gedir.

Tarix bir daha tanıqlıq etdi: 
Azərbaycan və Türkiyə eyni soydan gəldikləri kimi, eyni taledən, eyni dərddən və inama çevrilmiş eyni ümiddən doğulmuş iki dövlət, bir millətdir. 19 iyun 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə etdiyi səfər bu həqiqətin daha bir möhtəşəm təcəssümü oldu.

İki il öncə – 6 fevral 2023-cü ildə baş verən dağıdıcı Kahramanmaraş zəlzələsi yalnız Türkiyənin deyil, bütün Türk dünyasının ürəyini ağrıtmışdı. Həmin anda Azərbaycan dövləti və xalqı dərhal qardaş köməyinə çatdı – təkcə axtarış-xilasetmə dəstələri deyil, həm də hərarətli dualar, dost əllər, açıq qəlblər yollandı o bölgəyə... Azərbaycan ilk yardım edən ölkələrdən oldu, ilk çadırlar, ilk içəcək-yeyəcəklər, geyəcəklər, ilk təskinlik sözləri Azərbaycandan oldu.
Bu gün açılışı baş tutan Azərbaycan Məhəlləsi həmin həmrəyliyin daimi abidəsinə çevrildi; yenidənqurma deyil bu, bu, birlik ruhunun təntənəsidir. Təkcə evlər yox, qardaşlığın qoşa divarları hörülür, damlar altına Türkiyə-Azərbaycan sevgisi salınır. Təsadüfi deyil ki, açılış törəninə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qatıldı. İki liderin Hava limanında səmimi görüşü, qarşılamadakı təntənə, ardınca keçirilən müzakirələrin dərinliyi bir daha göstərdi ki, bəli, bu səfər sadəcə protokol səfəri olmayıb, illa tarix yazan, gələcək quran səfərin özüdür!

Açılış törəni özü bir məktəb, bir ismarıc idi: Səhnədə səslənən nitqlər, xalqın gözlərindəki şükranlıq, minnətdarlıq və sevinc, təqdim olunan sənət örnəkləri, qutsal bayraqların qoşa dalğalanması – hər şey, hər şey gözəldi, özəldi! Bəli, bəli, “Bir millət, iki dövlət” şüar deyil, bu, yerə kök salmış, göyə budaq atmış, Günəşin nuruna boyanmış sarsılmaz bir həqiqətdir.

Azərbaycan Məhəlləsi artıq təkcə bir yaşayış yeri yox, türkün dərdinin türkün əlindən tutması ilə gidərilməsi nişanıdır. Bu küçələrdə Azərbaycanın adının ruhi energetikası dolaşacaq; bu Məhəllədə böyüyəcək uşaqlar biləcək ki, onların evi bir zamanlar uzaqdan gələn, amma könüldən yaxın qardaşlar tərəfindən tikilib. Onlar torpağın necə silkələndiyini deyil, qardaşlığın necə möhkəm olduğunu xatırlayacaqlar.

Bu səfər və bu açılış bir daha sübut etdi: Harada türkün gözü yaşlıdırsa, orada Azərbaycan vardır. Harada Azərbaycan var, orada da Türkiyənin Ürəyi döyünür. Bu birliyin adı Turan ruhu, bu ruhun təcəssümü isə Kahramanmaraşdakı Azərbaycan Məhəlləsidir! 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!