TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.
Səfərin məqsədi media və Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, gələcək planlar, həmçinin icbari tibbi sığorta çərçivəsində təqdim olunan tibbi xidmətlərlə tanış etmək olub.
Modern.az xəbər verir ki, bu barədə məlumat TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan mediatur zamanı verilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 2025-ci ilin ilk 5 ayında TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 10 milyon 546 mindən çox müraciət daxil olub. Ümumilikdə vətəndaşlara 37 milyon 481 mindən artıq tibbi xidmət göstərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova qeyd edib ki, sığorta sisteminin tətbiqi nəticəsində Qobustan RMX-da əvvəllər icra olunmayan ginekoloji, LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatlar həyata keçirilir. Son bir il yarımda burada 1100-ə yaxın cərrahi əməliyyat aparılıb. Yeni fəaliyyətə başlayan Fizioterapiya şöbəsində isə 12 minə yaxın xidmət göstərilib.
Xəstəxananın direktoru Günay Muradova öz nitqində vurğulayıb ki, tibb müəssisəsinin nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi, 10 kənd həkim məntəqəsi fəaliyyət göstərir, 350 nəfər isə işçi çalışır.
Çarpayı fondunun sayı 70-dir.
“2023-cü il ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasına 75 min 600 ambulator, 790 stasionar və 10 min 200, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 12 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb. Bu ilin ilk 5 ayında 155 əməliyyat və 12 doğuş qeydə alınıb, 22 min 900 radioloji, 65 min 800 laborator xidmət göstərilib”.
Günay Muradova bildirib ki, xəstəxana EXO, KT, rəqəmsal rentgen və digər müasir tibbi avadanlıqlarla təchiz olunub. 2025-ci ildə əməliyyatların sayının artırılması, travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar formata keçirilməsi planlaşdırılır.
Daha sonra mediatur iştirakçıları üçün xəstəxananın müvafiq şöbələrinə baxış keçirilib və tibb müəssisəsində müayinə olunublar.
Aytac Bəhruzqızı