Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.
Diplomatlar Laçın Beynəlxalq Hava Limanında qarşılanıb. Hava limanı ilə tanışlıq zamanı qonaqlara aeroport haqqında məlumat verilib.
Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanışlığı nəzərdə tutulub.
Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
İşğaldan sonra Azərbaycanda akkreditə olunmuş xarici diplomatların azad edilmiş ərazilərə səfərləri mütəmadi və bir neçə mərhələli olub.
Modern.az indiyə kimi işğaldan azad olunmuş ərazilərə Azərbaycanda akkreditə olan xarici diplomatların səfərlərinin sayını araşdırıb.
Araşdırmanı təqdim edirik:
2021-ci il diplomatların Füzuli,Qubadlı və Laçın səfəri
Diplomatik korpus nümayəndələrinin 2021-ci ilin mart ayında ilk dəfə Füzuli, Qubadlı və Laçın bölgələrini ziyarəti baş tutub.
2021-ci ilin iyul ayı diplomatların Şuşa səfəri
9-10 iyul tarixlərində Şuşa şəhərinə təşkil olunan səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak ediblər.
2022-ci ilin may ayı xarici diplomatların Kəlbəcər səfəri
Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər ediblər.
Səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaq olub.
Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edib.
Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 9-cu səfəri olub.
2023-cü il diplomatların Laçın səfəri
2023-cü ilin iyun ayında 33 ölkədən və 10 təşkilatdan 60 diplomat və hərbi attaşe Laçına səfər edib. Səfər Zəngilan-Laçın- Ağdərə istiqamətində olub. Səfər zamanı xarici diplomatlar Laçında aparılan bərpa və tikinti işləri ilə tanış olmaq, ilk yaşayış massivlərinə baş çəkmək və şəhər sakinləri ilə görüşmək, habelə Həkəri çayının sahilində salınmış Bayraq Meydanı, Heydər Əliyev küçəsi və Laçın Bulvarı ilə tanış olmaq imkanı əldə ediblər.
Daha sonra diplomatik korpusun nümayəndələri Laçın rayonunun Zabux kəndinə, geri qayıdarkən isə Zəngilanın Ağalı “ağıllı kəndi”nə də baş çəkiblər
2023-cü il diplomatların Ağdam səfəri
Avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaq olub. Eyni zamanda, diplomatik korpus nümayəndələrinə 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Onlar genişmiqyaslı quruculuq işləri və yol-infrastruktur, kommunikasiya, şəhərsalma prosesləri ilə də yaxından tanış olublar.
Ağdama səfər edən heyətə 41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxil olub.
2024-cü il xarici diplomatların Kəlbəcər/Ağdərə səfərləri
2024-cü ilin sentyabr ayında baş tutan səfərdə 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.
Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Bu zaman diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, "Suqovuşan" istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş "Yuxarı Vəng" su elektrik stansiyasında olub.
Kəlbəcər rayonunda isə onlar tarixi abidə - Xudavəng monastır kompleksi ilə tanış olublar.
Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin "İstisu" mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.
2025-ci ilin aprel ayı diplomatlaın Xankəndi və Şuşa üzrə yeni səfərləri
2025-ci ilin aprel ayından etibarən Xankəndi və Şuşa üzrə yeni səfərlər təşkil edilib.
Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndəsi ilk olaraq Qarabağ Universitetində olublar.
Burada onları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edib.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olmaqdı.
Eyni zamanda Şuşada olan diplomatlar burada görülən yenidənqumaq, bərpa-quruculuq işləri ilə tanış olublar.