Maraş Türk tarixinə qəhrəmanlıqlıq dastanları yazmış bir bölgədir. XIX yüzilin sonlarında bu bölgədəki Zeytunda ilk erməni üsyanları baş qaldırmışdı. Sonralar Osmanlı İmperiyasının I Dünya Müharibəsinə girməsindən istifadə edən ermənilər siyasi məqsədlərinə çatmaq və dövləti daxildən çökdürmək üçün işğalçı Qərb dövlətlərinin təlimatı ilə türk ordusuna arxadan hücum edərək bölgənin müdafiəsiz insanlarını qətlə yetirmişdilər.
Burada yaşayan ermənilər həmişə kənardan gələn əmrlərə, üsyana hazır idilər. Bu "həssas" vəziyyətdən istifadə edən Fransa və İngiltərə Çanaqqala savaşının ən şiddətli anlarında ermənilərə verdikləri təlimatlarla onları üsyana sövq edirdilər. Maraş tarixinin ən gərgin savaş illərini yaşayırdı. Dünya savaşı sonrası Maraş şəhərini işğal edən Fransa ordusunun tərkibindəki erməni legionu günahsız insanları qətlə yetirərək əhalini buradan çıxarmaqla ermənilərin yerləşməsinə nail olmağa çalışdılar. Onlar burada erməni dövləti qurmaq məqsədi ilə müsəlman əhalinin qətllərini təşkil etsələr də, maraşlılar bu planın həyata keçməməsi üçün qəhrəmancasına mübarizə apardılar. Qurtuluş savaşı illərində də maraşlılar fransız və erməni işğalçılarına dərs verərək onları öz torpaqlarından təmizləməyə nail oldular. Təsadüfi deyil ki, məhz bu özünəməxsusluğuna görə Maraşa “qəhrəman” adı verildi. Bu gün bu tarixi şəhər keçmişinə qürur, sabahına ümidlə Kahramanmaraş adı ilə gələcəyə addımlayır.
2023-cü ilin 6 fevral tarixində Türkiyədə mərkəzi Kahramanmaraş olmaqla yaşanan "Əsrin fəlakəti" təkcə maraşlıların deyil, bütün dünya türklüyünün yaddaşında vəhşət və ağrıyla xatırlanmaqdadır. Dəhşətli zəlzələ baş verərkən qardaş ölkəyə ilk yardım əlini uzadan, dərhal axtarış-xilasetmə qruplarını zəlzələ bölgəsinə göndərən, ərzaq və digər humanitar yardımları çatdıran, zəlzələ qurbanlarını müvəqqəti sığınacaqla təmin etmək üçün çadır və konteyner şəhərcikləri yaradan Azərbaycan, sözün həqiqi mənasında Türkiyəyə, Kahramanmaraşa misilsiz qardaşlıq dəstəyi göstərdi.
Bu gün Kahramanmaraşın tam mərkəzində 1200 mənzili əhatə edən 90-dan çox yaşayış binasının, məktəb, mədəniyyət mərkəzi və digər infrastruktur obyektlərinin olduğu “Azərbaycan” məhəlləsinin açılışında iştirak edən Azərbaycan Prezidentinin söylədiyi təbrik nitqi, sərgilədiyi həssas münasibət, diqqət və qayğı ölkələrimizin qardaşlığının, birliyinin, həmrəyliyinin təntənəsi kimi öz təcəssümünü tapdı.
"Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanındadır və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür", - deyən dövlət başçımızın bu fikirləri həm də hər bir Azərbaycan türkünün düşüncələrinin ifadəsidir.
İlham Əliyev bildirib ki, dəhşətli zəlzələ qardaş Türkiyəyə ağır zərbə vurmuş olsa da, türk xalqı mənəvi cəhətdən sarsılmadı, çünki hər bir vətəndaş inanırdı ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dövləti dayanır.
Dövlət başçımızın da vurğuladığı kimi, bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, eləcə də bütün dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir və bu birlik regionda sülhün, sabitliyin və tərəqqinin qarantıdır.
Cavanşir Feyziyev
20 iyun 2025-ci il