Modern.az

Jurnalistlər imtahanın gedişini izlədilər - FOTO

Jurnalistlər imtahanın gedişini izlədilər - FOTO

Aktual

20 İyun 2025, 15:47

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. 

Mediaturda “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları Sənubər Qocayeva, Orxan Səlimli, Valeh Mustafayev, eləcə də digər KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər.

Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, “2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və GDU-nun rəsmi saytında yerləşdirilib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. O da diqqətə çatdırılıb  ki, yaz semestrinin  imtahan sessiyasında Gəncə Dövlət Universitetində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, yazılı imtahanlarda işlərin qiymətləndirilməsi üçün kənar universitetlərin əməkdaşları da dəvət olunub. Bununla yanaşı  GDU-da test imtahanlarında istifadə olunan server infrastrukturu yenilənilib, yeni optik  xətlərlə təmin edilib. “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron İmtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur.  Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin  imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır.  “Elektron İmtahan Sistemi” – təsdiqlənən testlər, imtahan qeydiyyatı, imtahanlar, hesabatlar, sual bankı modulu və test bankı modulundan ibarətdir.

Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyiblər. Bununla yanaşı onlar imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.

Sonda mediatur iştirakçıları imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Tələbə valideynləri imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.

Qeyd edək ki,  yaz semestrinin imtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilir. 2 iyun 2025-ci il tarixdə başlayan  imtahan sessiyasının 5 iyul 2025-ci il tarixdək yekunlaşması nəzərdə tutulur. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB