Fransa Prezidenti Emmanuel Makronla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bununla bağlı Makron “X” hesabında paylaşım edib.
“İran Prezidenti Məsud Pezeşkian mənə zəng vurdu. Mən ondan Sesil Kohler və Jak Parisin (İranda həbsdə olan Fransa vətəndaşları - red.) azad olunmasını qəti tələb etdim. Onların qeyri-insani həbsi ədalətsizdir, Fransaya qayıtmaqlarını gözləyirəm.
Mən İranın nüvə proqramı ilə bağlı dərin narahatlığımı bildirdim. Mənim məqsədim aydındır - İran heç vaxt nüvə silahı əldə etməməlidir və İran niyyətlərinin dinc xarakter daşıdığına tam qarantiya verməlidir.
Mən əminəm ki, müharibəni bitirmək və daha böyük təhlükələrdən qaçmaq üçün bir yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqlarımızı sürətləndirəcəyik”, - paylaşımda deyilir.