Modern.az

İran şahının azərbaycanlı arvadı danışdı: “İşıq qaranlığa qalib gələcək!”

İran şahının azərbaycanlı arvadı danışdı: “İşıq qaranlığa qalib gələcək!”

Aktual

21 İyun 2025, 17:47

İranın devrilmiş şahı Məhəmməd Reza Pəhləvinin mühacirətdə yaşayan arvadı Fərəh Pəhləvi İran xalqına müraciət edib.

Modern.az xəbər verir ki, Fərəh Pəhləvi müraciətində bildirib ki, bu qarışıq və acılı günlərdə ürəyi İran xalqı ilə birgə döyünür:

“Mən sizin ağrınızı hiss edirəm, cəsarətinizə heyranam, millətimizin böyük və dönməz ruhuna inanıram. Müharibənin kölgəsi torpaqlarımıza düşdükcə, tək olmadığını bilmək istəyirəm. Bizim gücümüz birliyimizdə, şanlı tariximizdə, yenilməz iradəmizdədir.

Dəfələrlə çətin sınaqlardan keçmiş bir diyar olan İran hər dəfə daha böyük ləyaqət və şöhrətlə meydana çıxıb. Bu çətin günlərdə gəlin bir-birimizə olan sevgimizi qoruyaq, günahsızları qoruyaq, evlərimizdə ümid alovunu yandıdıraq.

Qoy sülh tezliklə qayıtsın və sevimli İranımız üçün keçmişdən daha parlaq gələcək yaransın. Mən həmişə sizin yanınızdayam.

İşığın zülmət üzərində qələbə çalması və İranın azadlığı ümidi ilə...”

İranda şah rejimi – Pəhləvilər sülaləsi 1979-cu ildə devrilib.

Pəhləvilər 1925-ci ildə ingilislərin köməyilə İrandakı sonuncu türk sülaləsi olan Qacarları devirərək hakimiyyəti ələ keçirmişdilər. 1925-1979-cu illər arasında İranda hakimiyyətdə olmuş Pəhləvilər sülaləsi ən qəddar rejim kimi xatırlanır. İran əhalisinin böyük hissəsi, o cümlədən Güney Azərbaycan hazırkı teokratik rejimdən narazıdır, Pəhləvilərə də nifrət edir.

Farslaşmış azərbaycanlı olan Fərəh Pəhləvi İranda hazırkı rejimin devrilməsini arzulayır. Onun istəyi oğlu Reza Pəhləvinin İranda hakimiyyət başına keçməsidir.

Fərəh Pəhləvi devrilmiş şah Məhəmməd Reza Pəhləvinin 3-cü arvadıdır. Şahın arvadları arasında “Şahbanu” titulunu almış yeganə xanımdır.

1979-cu ildə İranda şahənşahlıq ləğv olunub, inqilab nəticəsində şah hakimiyyəti devrilib və İran İslam Respublikası elan edilib.

Nəticədə ailəsilə birgə vətənini tərk edərək mühacirətə yollanan şah 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb.

Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırıb. Amma Misir prezidentinin qətlə yetirilməsi səbəbilə Fərəh Pəhləvi və övladları bu ölkəni tərk edərək, ABŞ-ın dövlət başçısı Reyqanın dəvəti ilə okeanın o tayına yollanıb.

2001-ci ildə Fərəh Pəhləvinin qızı Leyla vəfat edib.

2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verib. Məhəmməd Reza Pəhləvinin kiçik oğlu Əli Reza Pəhləvi özünü güllə ilə vuraraq, intihar edib.

Bu gün Fərəh Pəhləvi və böyük oğlu Reza Kir Pəhləvi Vaşinqtonda yaşayırlar.

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU