Modern.az

İranın yeraltı nüvə obyektinə zərbə Azərbaycana da təhlükə yaradacaq - Zəlzələşünas

İranın yeraltı nüvə obyektinə zərbə Azərbaycana da təhlükə yaradacaq - Zəlzələşünas

Aktual

21 İyun 2025, 17:53

İranın yeraltı nüvə obyektlərinə mümkün hərbi zərbələr seysmik aktivliyin artmasına və zəlzələlərin baş verməsinə səbəb ola bilər.

Bu barədə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev Modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranın yeraltı nüvə infrastrukturlarının dəqiq yerləşdiyi dərinliklər ictimaiyyətə məlum olmasa da, belə obyektlərə ediləcək hərbi müdaxilə ciddi nəticələrə səbəb ola bilər:

“Yeraltı nüvə obyektlərinin hədəfə alınması güclü partlayışlar və seysmik titrəyişlərə gətirib çıxara bilər. Belə partlayışlar həm ekoloji fəlakət, həm də yeraltı seysmik ocaqların aktivləşməsi ilə nəticələnə bilər. Əgər bu ocaqlar hərəkətə gələrsə, qonşu bölgələrdə - o cümlədən Azərbaycanda da seysmik fəallığın artması mümkündür”.

Q.Babayev qeyd edib ki, yerüstü nüvə obyektlərinin zədələnməsi zamanı küləyin istiqamətindən asılı olaraq radioaktiv hissəciklərin yayılması Azərbaycana da təsir göstərə bilər. Lakin yeraltı obyektlərə edilən zərbələr daha çox seysmik təsir baxımından təhlükəlidir:

“Əgər İran ərazisindəki aktiv seysmik ocaqlar zərbə nəticəsində oyansa, bu proses qonşu seysmik zonalara da sirayət edə bilər. Məsələn, Türkiyə və Azərbaycan ərazilərində yerləşən seysmik zonalarda aktivlik müşahidə edilə bilər. Fizikanın qanunlarına əsasən, bir ocaq aktivləşərsə, qonşu ocaqlar da hərəkətə gələ bilər və ya enerji yığımı sürətlənə bilər”.

O həmçinin vurğulayıb ki, bu cür proseslərin Azərbaycanda dağıdıcı zəlzələyə səbəb olacağı ehtimalı yüksək olmasa da, hiss edilən təkanların baş verməsi mümkündür:

“Azərbaycan ərazisində zəlzələ olsa belə, onun güclü və katastrofik olacağı gözlənilmir. Ancaq yerin dərin qatlarında enerji toplanması prosesinə süni müdaxilə ilə nüvə obyektlərinin vurulması təbii proseslərini sürətləndirə və ‘trigger effekti’ yarada bilər”.

Aytac Bəhruzqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU