Nüvə obyektləri məhv edilsə belə, oyun bitməyib; zənginləşdirilmiş materiallar, bilik və siyasi iradə qalacaq.
Modern.az xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şəmxani X sosial platformasında yazıb.
"Nüvə obyektləri məhv edilsə belə, oyun bitməyib, zənginləşdirilmiş materiallar, yerli bilik və siyasi iradə qalacaq. Qanuni müdafiə hüququ ilə siyasi və əməliyyat təşəbbüsü indi ağıllı oynayan, kor-koranə zərbələrdən yayınan tərəfdədir. Sürprizlər davam edəcək!", - Şamxani yazıb.
Şamxaninin sözləri ABŞ prezidenti Donald Trampın Amerika qüvvələrinin Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavoduna, eləcə də Natanz və İsfahandakı nüvə obyektlərinə qarşı “Gecəyarısı çəkic” əməliyyatına başladığını təsdiqlədikdən bir neçə saat sonraya təsadüf edib.
İran iyunun 22-də bildirib ki, ABŞ-ın ölkənin üç ən həssas nüvə obyektinə aviazərbələr endirməsinə baxmayaraq, onun nüvə proqramı hələ də aktivdir və zənginləşdirilmiş uran ehtiyatları toxunulmazdır.
Tramp isə sosial şəbəkədə hücumu “çox uğurlu zərbə” kimi qiymətləndirib.