Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İsrail-İran müharibəsində atəşkəs razılaşması qüvvəyə minib.
Modern.az xəbər verir ki, tərəflər arasındakı danışıqların təfərrüatı ilə tanış olan bir amerikalı diplomat bu haqda NBC News telekanalına danışıb.
O bildirib ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Vens atəşkəs təklifini Qətərin yüksək səviyyəli liderlərinin köməyi ilə İrana çatdırıblar.
Diplomatın sözlərinə görə, Tramp ötən axşam İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək ona açıq şəkildə deyib: "Daha nə müharibə, nə döyüş. İranlılar xeyli zəifləyiblər".
Tramp Oval kabinetindən israillilərlə danışarkən onun milli təhlükəsizlik komandası Qətər rəsmiləri vasitəsilə iranlılara mesajlar ötürüb.
Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Tramp Netanyahunu atəşkəslə razılaşdırmağa məcbur edib və sonra vitse-prezident Ceyms Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff iranlılara “birbaşa və dolayısı ilə” ABŞ-ın atəşkəs istədiyini və iranlıların bununla razılaşmalı olduqlarını açıqlayıblar.
Daha sonra ABŞ prezidenti İran və İsrail arasında atəşkəs elan edib.
Sonradan bu məlumat Tehran və Təl-Əvivdə də təsdiqlənib.