Modern.az

Naxçıvanda Dövlət Xidmətinin sabiq rəisinə hökm oxundu

Naxçıvanda Dövlət Xidmətinin sabiq rəisinə hökm oxundu

Aktual

24 İyun 2025, 17:30

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az-ın məlumatına görə, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.

Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.

Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, DTX tərəfindən həbs edilən Mirzə Cəlilov AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!