Modern.az

Azərbaycanda vəkillərin sayı 2701 nəfərə çatıb

Azərbaycanda vəkillərin sayı 2701 nəfərə çatıb

Aktual

25 İyun 2025, 16:42

İyunun 25-də “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Kollegiya sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində qurum  tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyib.

Sədrin sözlərinə görə, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub.

Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib.  

Sonra tədbirdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vəkillik peşəsinin ictimai əhəmiyyətindən söz açıb.  

Tədbirdə Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc isə vəkillik institutunun inkişafı istiqamətində aparılan sistemli islahatlardan danışıb.

Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər.  

Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.  

Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşına çatmış Kollegiyanın bir qrup üzvü təltif olunub. 

Eyni zamanda mərasim çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?