Modern.az

25 illik cinayət işi niyə indi XATIRLANIR?

25 illik cinayət işi niyə indi XATIRLANIR?

Aktual

28 İyun 2025, 17:30

“Rusiya mediasında Yekaterinburqda öldürülən azərbaycanlılarla bağlı xəbərlər elə təqdim olunub ki, sanki söhbət kriminal avtoritetlərin həbsindən gedirmiş”.

Bu fikirləri Modern.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib:

“Yazırlar ki, guya həbs zamanı onlardan birinin ürəyi tutub, digəri isə özünü pis hiss edib və nəticədə... hər ikisi vəfat edib. Açıq-aşkar işgəncə faktını ört-basdır etmək cəhdi hiss olunur. Həmçinin bildirilir ki, guya bu şəxslər 25 il əvvəl baş vermiş hansısa cinayət işində iştirak ediblər. Bu isə sanki iki azərbaycanlının qətlini ört-basdır etmək üçün yayımlanan xəbərdir”.

Siyasi şərhçi vurğulayıb ki, bu məqamda bir sual yaranır. Necə oldu ki, 25 il əvvəl üstü açılmayan cinayət işinin izinə məhz indi düşüldü?

“Elə təəssürat yaranır ki, işgəncə nəticəsində həyatını itirən azərbaycanlıları “ittiham etmək” üçün arxivdən köhnə bir cinayət işi çıxarılıb və buna uyğun tələsik bir hekayə qurulub. Tutaq ki, Rusiya hüquq-mühafizə orqanlarının hansısa şəxslərlə bağlı şübhəsi olub və onların saxlanılması barədə qərar verilib. Axı Yekaterinburqda azərbaycanlıların kütləvi həbsi həyata keçirilib. Onlarla azərbaycanlının həbsindən siyasi qoxu gəlir və bu azərbaycanlıların həbsi artıq siyasi məzmun daşıyır”.

Politoloqun fikrincə, təsadüfü deyil ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. Bu da onu göstərir ki, rəsmi Bakı da baş verənlərin arxasında hansısa məqsədli motivlərin dayandığına şübhə edir:

“Rusiyada qərar verən dairələrin bu cür davranışları artıq ənənə halını alıb. Əgər hansısa ölkənin siyasətindən narazıdırlarsa, həmin ölkənin Rusiyada çalışan vətəndaşlarına təzyiqlər göstərilir, məhsulları sərhəddən geri qaytarılır, ən pis halda isə kütləvi həbslər və işgəncələr tətbiq olunur”, -deyə E.Şahinoğlu bildirib.

 

Aytac Bəhruzqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər