Modern.az

Rusiyada azərbaycanlılara qarşı OMON HÜCUMLARI

Rusiyada azərbaycanlılara qarşı OMON HÜCUMLARI

Aktual

30 İyun 2025, 11:56

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi  (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb.

Rusiyada azərbaycanlılara, ümumilikdə miqrant və qeyri-müsəlmanlara qarşı bu cür vəşhi davranış ilk belə hadisə deyil. Azərbaycanlılara qarşı haqsızlıq halları bununla yekunlaşmır.

Modern.az Rusiyada azərbaycanlılara qarşı zorakılıq hadisələrini araşdırıb.

Moskvada bazar hadisəsi - 2006-cı il

Moskvanın Bauman küçəsində 1975-ci ildə inşa olunmuş Basman bazarının günbəzi 2006-cı il fevralın 23-də uçub. Xilasetmə əməliyyatlarına Moskvanın bütün axtarış-xilasetmə dəstələri, Rusiya Fövqəladə Hallar Nazirliyinin, digər nazirlik və idarələrin nümayəndələri cəlb olunub. Günbəzin dəmir-beton konstuksiyasının geniş sahədə çökməsi, qarlı hava şəraiti xilasetmə işlərini çətinləşdirib, dağıntılar altında qalan insanların xilas edilməsini çətinləşdirib. Belə bir şəraitdə 2 gün ərzində xilasetmə işləri aparılıb.

Basman bazarının çökməsi nəticəsində 68 nəfər həlak olub, 33 nəfər isə xilas edilib. Ölənlər arasında 45 Azərbaycan, 7 Gürcüstan, 16 Taciksitan və Özbəkistan vətəndaşı var idi.

Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşındı.

Dağıntı ilə bağlı araşdırma aparan Moskva hökumət komissiyasının üzvləri belə qənaətə gəliblər ki, orijinal layihəli bina 30 il ərzində düzgün istismar olunmayıb. Ümumiyyətlə, istifadəyə verildiyi vaxtdan bəri bazarın binasında heç bir əsaslı təmir aparılmayıb.

Bazarın direkoru Mark Mişiyev həbs edilib və ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 109-cu maddəsi - "Vəzifəli şəxsin öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıq üzündən iki və daha çox adamın ölməsi" maddəsi üzrə ittiham irəli sürülüb.

İstintaq Mark Mişiyevin təhlükəsizlik qaydalarına riayət olunması üzrə üzərinə düşən vəzifələri kobud şəkildə pozduğunu, binanın texniki vəziyyətinin monitorinqini təşkil etmədiyini, onun düzgün istismarı, təmir olunması üçün tədbirlər görmədiyini və otaqların quruluşunun özbaşına dəyişdirilməsinə dəfələrlə yol verdiyini hesab edib.

Amma Basman bazarının çökməsi ilə bağlı cinayət işi sona qədər aparılmayıb. Bazarın direktoru saxlanılsa da, 2 həftə sonra o, azadlığa buraxılıb və cinayət işinə xitam verilib. 2008-ci ildə istintaq çökmənin səbəbkarlarının olmadığını açıqlayıb və bazarın yerində yaşayış binası tikilib.

Beləliklə, 68 nəfərin, o cümlədən 45 azərbaycanlının həyatına son qoyan faciəyə görə heç kəs məsuliyyətə cəlb olunmayıb.

Moskva bazarında partlayış - 2006-cı il

2006-cı ilin 21 avqustunda Moskvanın məşhur Çerkizovski bazarında güclü partalayış baş verib. Partlayış nəticəsində 14 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb. Ölənlərin və yaralananların əksəriyyəti Qafqaz və Mərkəzi Asiya mənşəli olub.

Rusiya istintaqı hadisəni milli zəmində törədilmiş terror aktı kimi qiymətləndirib. Hücumu təşkil etməkdə millətçi baxışlı şəxslər – İlya Tixonov və Maksim Stepanov təqsirli biliniblər. Onların bazarda, xüsusilə də qafqazlı tacirlərə qarşı qorxu yaymaq məqsədilə partlayış törətdikləri açıqlanıb.

Hadisədən sonra Moskva polisinin bazarlarda apardığı reydlər kəskin şəkildə artıb. Azərbaycanlı satıcılar geniş miqyasda yoxlamalara, mallarının müsadirəsinə və hüquqi təzyiqlərə məruz qalıb. Çoxlu sayda azərbaycanlı bazar işçisi işini itirib, bəziləri isə təhlükəsizlik səbəbindən Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Ekspertlər qeyd edirlər ki, Çerkizovski bazardakı partlayış Rusiyada milli zəmində zorakılığın ən ağır hadisələrindən biri olub və xüsusilə azərbaycanlılara qarşı mənfi münasibətləri dərinləşdirib. Rusiya mediasında Qafqazlıların, o cümlədən azərbaycanlıların bazarlara “nəzarət etməsi” ilə bağlı ritorika güclənib, bu isə azərbaycanlıları hədəfə çevirib.

2009-cu ildə Çerkizovski bazarı tamamilə bağlanıb. Rəsmi səbəb kimi sanitar və vergi qayda pozuntuları göstərilsə də, müşahidəçilər hadisəni milli təhlükəsizlik və etnik gərginliklə əlaqələndirirlər.

Xüsusilə 2006-cı il partlayışından sonra OMON-un reydləri daha da sərtləşib. Azərbaycanlı tacirlər bazardan sürgün edilib. Onların malları müsadirə olunub, bəziləri isə deportasiyaya məruz qoyulublar. Bəzi şahid ifadələrinə görə, OMON əməkdaşları döyülmə, təhqir, alçaldıcı rəftara yol veriblər.

Biryulevo hadisəsi - 2013-cü il

Rusiya paytaxtının Biryulevo rayonunda baş vermiş bir qətl hadisəsi qısa müddətdə milli zəmində kütləvi iğtişaşlara, bazara hücumlara və xüsusilə azərbaycanlılara qarşı geniş həbslərə səbəb olub.

5 oktyabr 2013-cü ildə gecə saatlarında Moskvanın Biryulevo rayonunda 25 yaşlı rus gənci Yeqor Şçerbakov sevgilisi ilə birlikdə evinə qayıdarkən küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin təhlükəsizlik kamerasına düşən görüntüləri və şahid ifadələri Rusiya ictimaiyyətində böyük rezonans doğurub.

Mediada və sosial şəbəkələrdə cinayəti törədən şəxsin Qafqaz mənşəli olduğu barədə məlumatlar sürətlə yayılıb. Bu, cəmiyyətdə milli zəmində gərginliyi kəskin şəkildə artırıb.

12-13 oktyabr tarixlərində Biryulevo rayonunda minlərlə insan küçələrə çıxaraq Yeqor Şçerbakovun qətlinin istintaqının sürətləndirilməsini tələb edib. Etirazçılar “Rusiya ruslar üçündür!”, “Qafqazlıları bayıra!” kimi millətçi şüarlar səsləndirməyə başlayıb.

Toplanan kütlənin hədəfi isə “Pokrovskaya bazarı” adlanan meyvə-tərəvəz bazarı olub. Yerli sakinlər və millətçi qruplar bazarda Qafqaz və Mərkəzi Asiya mənşəli şəxslərin, xüsusən də azərbaycanlıların çalışdığını iddia edərək bazarın bağlanmasını tələb ediblər.

Çox keçmədən etirazçılar bazara hücum ediblər. Bazarda işləyən azərbaycanlı tacirlər və işçilər hücumların birbaşa hədəfi olublar. Bazarda mallar dağıdılıb, avadanlıqlar qırılıb, bəzi mağaza və piştaxtalar talan edilib.

Hadisə yerində çoxsaylı davalar, qarşıdurmalar baş verdi. Çox sayda şəxs, o cümlədən azərbaycanlılar bədən xəsarətləri alıblar.

İğtişaşlardan dərhal sonra Moskva polisi Biryulevo rayonunda və bazarda genişmiqyaslı əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bazarda aparılan reydlər zamanı 1200-dən çox şəxs saxlanılıb.

Azərbaycan diaspor təşkilatlarının məlumatına görə, saxlanılanların əksəriyyəti azərbaycanlı olub. Bəzi məlumatlara görə, azərbaycanlılara qarşı kobud davranış, təhqir və bəzən fiziki zorakılıq halları da qeydə alınıb.

Biryulevo hadisəsi Rusiya cəmiyyətində milli zəmində gərginliyin pik nöqtələrindən biri kimi tarixə düşüb. Xüsusilə azərbaycanlılar üçün bu hadisə travmatik olub.

Hadisələrin nəticələri aşağıdakı kimi olub:

  • Bazarda çalışan azərbaycanlılar işlərini itirdi, bəziləri ölkəni tərk etdi.

  • Rusiya mediasında qafqazlıların, o cümlədən azərbaycanlıların “cinayətkarlıqla əlaqəsi” barədə ritorika gücləndi.

Azərbaycanın Rusiyadakı səfirliyi hadisə ilə bağlı Rusiya hökumətinə müraciət edərək Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasını tələb etmişdi. Lakin vəziyyət uzun müddət azərbaycanlılar üçün çətin olaraq qalıb. 

Hüquq müdafiə təşkilatlarının (məsələn, Memorial, SOVA Center) hesabatlarına görə, OMON-un saxlanılan qafqazlılara, o cümlədən azərbaycanlılara qarşı işgəncə və alçaldıcı rəftar tətbiq etdiyi halları sənədləşdirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu