Modern.az

Minatəmizləmə işləri nə yerdədir? Vətəndaşlara müraciət

Minatəmizləmə işləri nə yerdədir? - Vətəndaşlara müraciət

Aktual

30 İyun 2025, 14:18

Bu gün Ağdamda mina partlayışı olub. Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşı minaya düşüb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

TƏBİB-in məlumatına görə, zərərçəkmiş şəxsə sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

2020-ci ilin noyabr ayında əldə etdiyimiz zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə geniş minatəmizləmə işləri həyata keçirilib. Ümumi mina qurbanlarının sayı 399 nəfərdir. Onlardan 71-i həlak olub, 328 nəfəri yaralanıb.

Maraqlıdır ki, hazırda minatəmizləmə prosesi necə gedir? Hansı maneə və çətinliklər var?

7 regionda monitorinq aparılıb

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Modern.az-a  açıqlamasında bildirib ki, iyun ayı ərzində 7 regionda monitorinq aparıblar:

“Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ölkə ərazisində kasetli silahların tətbiqi layihəsini həyata keçiririk. Həmin layihə çərçivəsində Füzuli, Xocavənd,Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşada tədqiqatlar aparmışıq. Hazırda Şuşadan Bakıya qayıdıram. Bütün regionlarda mina təmizləyənlərlə də görüşmüşük. Mina təmizləmə fəaliyyəti bütün sürəti ilə davam edir. ANAMA-nın qurumları, 4 kommersiya təşkilatı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşdük. Onlarla işin sürəti, nəticələri ilə bağlı maraqlandıq. Müəyyən çətinliklər də mövcuddur. Havaların birdən-birə qızması nəticəsində sürünənlər, ilanlar çoxalıb. Amma buna qarşı qabaqlayıcı tədbirlər görülür. Mina təmizləmə ilə bağlı heç bir problem yoxdur”.

H.Səfixannov polis işçisinin minaya düşməsi ilə bağlı məsələyə isə belə münasibət bildirib:

“Polis işçsinin minaya düşməsi məsələsinə gəldikdə, bu, birinci hal deyil. Səhv etmirəmsə, 2022-ci ildə Füzuli ərazisində də xidməti vəzifəsini yerinə yetirərkən bir polis işçisi minaya düşmüşdü. Məsələ ondan ibarətdir ki,  Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələri keçmiş cəbhə xəttinə aid ərazilərə məxsusdur. Yəni xəritələr 27 sentyabr 2020-ci ilə aiddir. Onların bədnam "Ohanyan" xəttini keçəndən sonra bizim əlimizdə heç bir məlumat yoxdur. Humanitar mina təmizləmədə də məsələ belədir ki,işə başlayanda iki mənbədən məlumat almalısan. Birinci mənbə qarşı tərəfin verdiyi xəritələrdir, ikinci mənbə isə həmin ərazidə yaşayan yerli əhalidir. Yerli əhali olduqda onlardan minaya düşmə hallarını müşahidə edib-etmədikləri, mina çalalarına rast gəlib-gəlmədiklərini soruşurlar. Beləliklə də, müəyyən analizlər aparılaraq, həmin əraizlərin minalardan təmizlənməsi həyata keçirilir. İndi bizdə situasiya belədir ki, verilən xəritələr dəqiq deyil və həmin ərazidə məlumat toplamaq üçün yerli əhali yoxdur. Bugünkü hadisə də həmin ərazilərdən birində baş verib”.

"Vətəndaşlar minatəmizləyənlərə kömək etməlidirlər"

İcma sədri Ermənistandan xəritələrin tələb edilməsi məsələsinə də toxunub:

“Bayram günlərində  mən həmin ərazilərdəydim, adam həm sevinir, həm də ehtiyat edir. İnsanların Qarabağa kütləvi axınına görə sevinirik. Amma digər tərəfdən biz orada nə olduğunu bilmirik. Bilmirik ki, mina, partlamamış hərbi sursat, kasetli silah qalığı varmı? Belə şeylər təşkilat rəhbəri olaraq, məni narahat edirdi. Düzdür, yolboyu bütün yerlərdə bilboardlar, plakatlar var ki, təhlükəli ərazilər ola bilər, filan şeylərə toxunmayın. Amma hər kəsin də eyni cür dərk etmə qabiliyyəti yoxdur.  Xəritələr məsələsi hər zaman həm dövlət strukturları, həm də QHT-lər tərəfindən qaldırılır. Qarşı tərəfin də cavabı odur ki, bizdə nə varsa, hamısını vermişik. Yenə çətinlik, bütün yük, enerji sərfiyyatı bizim boynumuza düşəcək. O əraziləri qarış-qarış yoxlamalı, təmizləməliyik. Təmizləmənin də 95 faizini də dövlət hesabına edirik. Yenə də əziyyət bizim-Azərbaycan tərəfinin boynundadır”.

Hafiz Səfixanov vətəndaşların minatəmizləyənlərə kömək etməli olduğunu qeyd edib:

“İnsanlarımız da şüurlu şəkildə mina təmizləyənlərə kömək etməlidirlər. Maarifləndirmə tədbirlərinə ciddi əməl etməli, plakatlara etinasız yanaşılmamalıdırlar. İnsanların köməyi o ola bilər ki, həmin ərazilərə daxil olmasınlar. Bir ərazidə partlayışlar olanda onun həndəvərində olan bütün minatəmizləmə əməliyyatları dayanır. Bütün qüvvə partlayışa məruz qalan ərazidən insanın çıxarılmasına yönəlir. Bu da kifayət qədər vaxt və sərfiyyat tələb edir. Hər bir mina hadisəsi, minatəmizləyənlərin özlərinə psixoloji təsirdir. İcazə verilməyən ərazilərə, yoxlanılmamış, bələd olmadıqları ərazilərə vətəndaşlar daxil olmamlıdırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu