DIN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib.
Bu barədə Modern.az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkə yollarında nəqliyyat axınının artması, xüsusilə istirahət və turistik səfərlərin intensivləşməsi, hər bir yol hərəkəti iştirakçısından daha diqqətli davranmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi zəruridir:
Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamaq
"Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayın. İsti yay günlərində havanın yüksək temperaturu sürücünün həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərərək yuxululuq və diqqətsizlik hallarına səbəb ola bilər. Bu səbəbdən kondisioner sistemi olmayan avtomobillərlə uzaq məsafələrə səfər etmək tövsiyə edilmir. Kondisioner sistemi olan və lazımi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə isə günün sərin saatlarında yola çıxmaq və 2 saatdan bir qısa fasilə vermək məqsədəuyğundur. Unutmayın: Yuxusuz və yorğun halda sükan arxasına keçmək Sizin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükəlidir.
Sürət həddi ilə bağlı tövsiyə
Sürət həddinə riayət edin. Yüksək temperatur şəraitində təkərlərin hava təzyiqində baş vermiş dəyişiklik yol tutumunu azalda bilər. Nəticədə yüksək sürətlə hərəkət zamanı qəza riski xeyli artır. Sürət rejiminə yalnız radarların müşahidə etdiyi ərazilərdə deyil, yolun bütün hissəsində əməl olunması təhlükəsizliyiniz üçün mütləqdir. Unutmayın: Sürət yolu deyil, həyatı qısaldır.
İcarəyə götürülmüş avtomobil və sürücülərlə bağlı diqqətli olun. İstirahət və ya turistik məqsədlə bölgələrə səfər edən bəzi vətəndaşlar, o cümlədən əcnəbi turistlər avtomobil icarəsi xidmətlərindən istifadə edirlər. Lakin həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti və onları idarə edən sürücülərin peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə yaradır. İcarəyə götürülmüş avtomobilin texniki göstəricilərinə və sürücünün təcrübəsinə əmin olmaq vacibdir. Unutmayın: Nəzarətsiz və qeyri-rəsmi daşıma xidmətləri həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk daşıyır".
BDYPİ bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa, qaydalara əməl etməyə və hərəkətin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.