İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evlərinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, 9 soydaşımız həbs olunub.
Rusiyanın azərbaycanlılara qarşı bu addımı heç də təəccüb yaratmır. Ona görə ki, tarixən bu ölkənin Qafqaza, Azərbaycana qarşı münasibəti hər zaman kəskin, qanlı olub.
Rusiya İmperiyası vaxtilə Şeyx Şamil Hərəkatı, Qafqaz müharibələri, eləcə də Azərbaycan xanlıqlarına qarşı amansız işğalçılıq siyasəti yürüdüb.
Modern.az-a açıqlamasında Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev bildirib ki, son hadisələrə qiymət vermək çox çətindir:
“Çünki biz hadisələrin mətbuatda gedən, səthi tərəfini görürük. Sözsüz ki, bu hadisələr iki ölkə arasında əlaqələrə mənfi təsir göstərir. Azərbaycan tərəfinin məsələ ilə bağlı qətiyyətli mövqeyi təqdirəlayiqdir. Rusiyanın Azərbaycanda keçirəcəyi tədbirlərinə fasilələrin verilməsi də çox düzgün addımdır. Tarixən baxsaq, Rusiyanın Qafqaz siyasəti müstəmləkə siyasəti olub. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının işğalını nümunə göstərmək olar. Sonradan Rusiya İmperiyasının siyasəti Sovetlər dövründə də davam etdirilib. Amma Rusiyanın Ukraynada apardığı müharibə onun daxilindəki vəziyyətə çox böyük təsiri var. Müharibənin uzanması Rusiyanın iqtisadiyyatını çökdürür və böyük insan itikisinə səbəb olur. İstər-istəməz bu ölkə daxilindəki vəziyyəti gərginləşdirir. Etnik münaqişələrə qədər vəziyyət gedib çıxa bilər. Bu müharibənin fəsadlarıdır. İndiki halda Azərbaycan rəhbərliyinin atdığı addımlar yerindədir. Biz bu hadisələrin yaxın vaxtlarda hansı istiqamətlərdə inkişaf edəcəyini görəcəyik".
Tarixçi Şeyx Şamil hərəkatı ilə bağlı da danışıb:
"Şeyx Şamil Hərəkatı o vaxt dini bayraq altında Rusiya müstəmələkəçiliyinə qarşı aparılan mübarizə idi. Rusiyanın Şimali Qafqazda işğalçılıq siyasəti hələ XVII əsrdə başlamışdı. XIX əsrdən milli müqavimət hərəkatı Şimali Qafqazda yeni mərhələyə qədəm qoydu. 1817-1864-cü illər Qafqaz müharibəsi dövrü kimi tarixə düşür. Çünki Rusiya Çeçenistanda, Dağıstanda çox güclü müqavimətə rast gəldi. Rus müstəmələkəçiliyinin yeni formalaşdırdığı qanunlar yerli əhalinin tarixən formalaşdırdığı ənənələrə zidd idi. Ona görə də yerli xalqlar çox güclü müqavimət göstərdilər. O cümlədən Cənubi Qafqazdakı Azərbaycan xanlıqları. Çünki bu onların dövlətçiliyinə böyük təhlükə idi. O vaxt Rusiya çox güclü idi. Şeyx Şamil hərəkatına qonşu dövlətlər, xüsusilə də Osmanlı dəstək versə də, hərəkat daxilində də müəyyən birliyin olmaması üzündən hərəkat yatırıldı. Özü də Çar Rusiyası hərəkatı qəddarcasına yatırmışdı. Ruslar bu hərəkata qarşı bir neçə dəfə ordu göndərmişdilər. Güclü müqavimətlə qarşılaşsalar da, sonda istəklərinə nail olub Qafqazın istilasını başa çatdıra bilmişdilər. Bu, Rusiyanın əsrlər boyu apardığı siyasətdir".
İ.Niftəliyev Rusiyanın Qafqaza, Orta Asiyaya, Ukrayna və Belarusa özünün ərazisi kimi baxdığını deyib:
"Rusiya daxilində bu gün elə insanlar var ki, onlar imperiyanın fəaliyyətini bərpa etmək istəyirlər. İnsanların çoxu da yüksək vəzifə tutan şəxslərdir. Yenə də keçmiş xülyalarla yaşayırlar. Ukraynadakı müharibə ilə Rusiya digər müstəqil dövlətlərə hələ ki bu ərazilərə iddialarından əl çəkmədiyini və onun təsir dairəsində olduğunu göstərməyə çalışır. İndi dünya dəyişib. Rusiyanın keçmiş post-sovet ölkələrinə münasibəti bu müharibənin nəticəsindən çox asılı olacaq. Əgər Qərb dövlətləri Ukraynanın arxasında sonacan dayanmasalar, Rusiya Ukraynanı işğal olunmuş torpaqlarla, Kırımın işğalı ilə barışmağa məcbur etsə, bu, bölgədə imperiyapərəst qüvvələrinin iştahını artıracaq. Biz həmişə hazır olmalıyıq. Həm Türkiyə-Azərbaycan-Pakistan, ümumiyyətlə, Türk dövlətlərinin birliyini möhkəmləndirməli, ordumuzu gücləndirməliyik".
Tarixçi-alim Atamoğlan Məmmədli Rusiyada baş verən sonuncu hadisələrin dövlət tərəfindən tapşırıqlar əsasında həyata keçirildiyini deyib:
"Yekaterinburqda baş verən hadisələr lokal xarakterli, yerli məmurlar tərəfindən törədilən hadisə deyil. Bu, birbaşa Moskva tərəfindən verilən tapşırıqlar əsasında törədilib. OMON dövlət qurumudur. Ola bilər ki, təklikdə hər hansı fərdə qarşı kobudluq etsinlər. Amma kütləvi surətdə, özü də indiki dövrdə azərbaycanlılara qarşı kütləvi şəkildə bu əməlləri törətməsi qəbuledilməzdir. Rusiyada bu saat iki qüvvə var. Qüvvələrdən biri Rusiyanı bölməyə, yəni onu ayrıca federasiya şəklində saxlamağa çalışır. Digəri isə SSRİ-nin bərpa olunmasından çıxış edir. Bu iki qüvvə arasında gedən mübarizənin də olaya təsiri var. İkinci tərəfdən, xarici amillər də mövcuddur. Qətiyyətlə mövqelərimizi müdafiə etməliyik".
Tarixçi Çar Rusiyasının xanlıqlar dövründə Azərbaycanın başına gətirdiklərindən danışıb:
"Bizim bəxtimiz onda gətirmədi ki, xanlıqlar dövründə mərkəzi dövlətimiz olmadı. Buna Quba və digər xanlıqlar tərəfindən cəhd olundu. Bu xanlıqlar birləşib mərkəzləşmiş Azərbaycan dövləti yarada bilsəydilər, Çar Rusiyası qalib gələ bilməzdi. Çar Rusiyası ayrı-ayrı şəkildə vuruşaraq, amma çoxlu itkilər verərək gəlirdi. Xanlıqlar dövründə də çar Rusiyası qətliamlar törətdi. Xanların qətl edilməsi prosesini həyata keçirdi. Bəziləri xaricə, xüsusilə də, cənuba qaçdılar. Həmən dövrdə yeritdiyi siyasəti daha amansız formada Sovet dövründə də etdilər. İndiki şəraitdə Azərbaycana belə münasibət xalqımızı və ölkəmizin rəhbərliyini təbii olaraq, qəzəbləndirir. Moskva Azərbaycana qeyri-səmimi münasibət bəsləyir. Biz diaspor nümayəndələrimizin hamısını fəallaşdırmalıyıq. Moskvada bir az qorxuya düşüblər. Bunda da son dövrlər artan aqressiya ən böyük səbəbdir. Bizdə çox böyük qəzəb var. Rusiyanın ən etibarlı tərəfdaşlarından biri Azərbaycan idi, gözlərindən gəlsin".