İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlər keçirilmiş və ölkələrarası münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi bir daha təsdiq olunmuşdur. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda, 2024-cü ildə Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əlaqələrimizdə ən yüksək səviyyəli sənəd olduğunu və bu müttəfiqlik münasibətlərinin beynəlxalq arenada bir çox sahədə fəal şəkildə həyata keçirildiyini vurğulamışdır. Liderlər həmçinin qarşılıqlı investisiyaların artırılması, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional nəqliyyat-logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə etmişdilər.
İki ölkə lideri arasında səmimi və dostluq münasibətləri xüsusilə qeyd edilməlidir. Prezident İlham Əliyev Özbəkistanın sürətli inkişafına, həyata keçirilən islahatlara və ölkənin beynəlxalq nüfuzunun artmasına yüksək qiymət vermişdir. O, Özbəkistanın Azərbaycanın Qarabağ bölgəsinin bərpasına göstərdiyi yardım və sərmayələrə xüsusi minnətdarlığını ifadə etmişdir. Eyni zamanda, Prezidentlər əməkdaşlığın bir çox sahələrdə – kənd təsərrüfatı, idman, mədəniyyət və turizm sahələrində daha da genişlənəcəyinə dair əminliklərini ifadə etdilər. Bununla yanaşı, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətlərinin inkişafı üçün yeni imkanlar açıldı.
Bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlər də imzalandı. Bunlar arasında iqtisadiyyat, investisiya, kənd təsərrüfatı və parlamentlərarası əlaqələri gücləndirən razılaşmalar var. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, ikitərəfli münasibətlər ölkələrimizin qarşılıqlı faydasına əsaslanan strateji tərəfdaşlıq prinsipləri üzərində qurulur və müxtəlif sahələrdə davamlı inkişaf etdirilir.
İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Özbəkistanda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu keçirilmişdir. Forumda ölkələrimiz arasında mövcud əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün mühüm mövzular ətrafında ətraflı müzakirələr aparılmışdır. Sahibə Qafarova çıxışında, panel sessiyalarda təkcə parlament komitələrinin işinin əsas istiqamətlərinin deyil, həm də ölkələrimiz arasında aktiv əməkdaşlıq sahələrinin müzakirə olunduğunu vurğulamışdır. Forum çərçivəsində 2025-2026-cı illər üçün əməkdaşlıq proqramını ehtiva edən yeni “Yol xəritəsi” imzalanmışdır.
Beləliklə, iyulun 1-də keçirilən parlamentlərarası forum və iyulun 2-də baş tutan Özbəkistan Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin yeni səviyyəyə qalxmasına xidmət edən mühüm hadisələrdir. Milli Məclisin üzvü olaraq, bu inkişafların ölkələrimizin strateji əməkdaşlığının möhkəmlənməsində və regionda sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynadığını qeyd etmək istərdim. İnanırıq ki, gələcəkdə Azərbaycan-Özbəkistan əlaqələri daha da dərinləşəcək və ölkələrimizin xalqları üçün faydalı layihələr həyata keçiriləcəkdir.
Əli Hüseynli,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri