Ermənistan parlamentinin iyulun 4-də keçirilən növbədənkənar iclasında “Hayastan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyana və onun katibi Artsvik Minasyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə Respublika Baş Prokurorluğunun vəsatəti müzakirə edilir.
Modern.az xəbər verir ki, Ohanyana qarşı açılan sonuncu iş Sevan Milli Parkının yurisdiksiyasında olan Ermənistanın Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsi ilə bağlı iddiadır. İstintaq iddia edir ki, Ohanyan müdafiə naziri vəzifəsində işləyərkən qanunsuz olaraq bu sahəyə yiyələnib və orada dövlət büdcəsi hesabına malikanə tikib.
İstintaqın məlumatına görə, Artsvik Minasyan 2016-2018-ci illərdə ətraf mühitin mühafizəsi naziri olduğu müddətdə Ohanyanın əməllərinə hüquqi qiymət vermək üçün heç bir addım atmayıb. Üstəlik, onun Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verməklə və bir sıra sənədlərin saxtalaşdırılmasına yol verməklə cinayətin gizlədilməsinə köməklik etdiyi iddia olunur.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan baş prokuror Anna Vardapetyanın adıçəkilən şəxslərə qarşı cinayət təqibinin başlanması barədə vəsatətini təmin edib.