Xatirələr yaşadığın illərin acılı-şirinli gerçəkliyidir. Kəlbəcər yaylaqlarında keçirdiyim uşaqlığımın hər anı indi daha şirindir.
Çünki Kəlbəcər, onun yaylaqları, dağları, təpələri, düzləri, bulaqları, sıldırım qayaları, başı qarlı və daim dumanlı zirvələri bir sözlə yaddaşımda həkk olunan bütün gözəlliklər xatirələrimlə birlikdə artıq azaddır. Hər qarış torpağı düşməndən təmizlənib və yenidən qurulan kənd və şəhərlər göz oxşayır. Öz doğma sakinləri üçün darıxan o yerlərdə canlanma gündən-günə artmaqdadır.
Taxta deyilən yaylağın qeyri-adi gözəllikləri hamını heyran edirdi. Alacığımızın yaxınlığında bir bulaq var idi. Ona lal bulaq deyirdilər. Səbəbi isə həqiqətən də lal-tərpənməz şəkildə durması idi. Yəni bu bulağın suyunun nə artmasını, nə də ki, azalmasını görmək mümkün deyildi. Sakinlər oradan vedrələrlə su götürərdilər. Amma zərrə qədər də azalma hiss olunmurdu. Təbiətin sirli-sehrli möcüzələrindən biri idi o bulaq. Hətta atlar, dəvələr bəzən gəlib o bulağa dayayardılar ağızlarını.
Nə qədər içsələr də bulağın tükü də tərpənmirdi. Nə deyim, Kəlbəcər gözəlliklərini tərənnüm etmək elə də asan iş deyil. “Uzun yal” deyilən bir yaylaq var. Oraya gedib çatmaq hər sürücünün hünəri deyildi. Yolu çox təhlükəli və qorxulu idi. Bizim ailəni o yaylağa aparan görünür, o vaxtın çox təcrübəli sürücülərindən olub. Maşın dağı dik çıxmalı və dik də düşməli idi. Yəqin ki, bunun nə olduğunu sürücülər yaxşı bilir. Özü də maşın yüklü ola. Yaylağa çatanadək yol boyu nələr gördük və nələr çəkdik? Əvvəla gördüklərimizdən biri hamının ilk dəfə gördüyü maraq doğuran dik bir qaya oldu. Elə bil tanrının bu yerlərə göndərdiyi tamaşasından doymaq mümkün olmayan əsər idi. Sanki dünyanın ən məşhur heykəltaraşı yaratmışdı bu əsəri. Həmin qaya bəzəkli gəlini xatırladırdı. Buna “Gəlin qayası” deyirdilər.
Onun haqqında müxtəlif əfsanələr danışırdılar. Maşın “Gəlin Qayası”nın yanından şütüyüb keçəndən sonra sürücünü və yaylağa köç edənləri ağır və təhlükəli sınaq gözləyir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi böyük bir aşırımı keçmək lazımdır. Dağı dik qalxıb enmək vaxtı yetişir. Bu aşırımı keçib getmək işə sürücüdən cəsarət və təcrübə tələb edirdi. Maraqlı məqamlardan biri o aşırımın adı ilə bağlıdır. Ona “Soltan-Heydər” aşırımı deyirdilər. Adla bağlı xatirəmdə qalanları söyləyirəm.
Deyirdilər ki, iki qardaş olur. Birinin adı Soltan, digərinin isə Heydər. Onlar “Uzun yal” yaylağına getmək üçün maşınla bu aşırımı keçməli olurlar. Amma bu təhlükəli yolu keçib ünvana çatmaq onlara nəsib olmur. İdarə etdikləri maşın qəzaya uğrayır. Onlar qəzanın qurbanı olurlar. Həmin hadisədən sonra insanlar aşırıma “Soltan-Heydər” adını verirlər. Ardı var...
Akif Təvəkküloğlu
Əməkdar jurnalist