Diplomatik xidmət orqanları rəhbərləri “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirə çərçivəsində Xankəndi şəhərinə səfər ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq, şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar. Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib.
"Bu səfər diplomatlarımızın mövqeyini gücləndirəcək"
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici ölkələrdə akkreditasiya olunmuş diplomatlarının Xankəndi səfəri onların mövqeyini gücləndirəcək:
“Diplomatlarımız xarici ölkələrdəki iş yerlərinə qayıtdıqda öz həmkarlarına, eləcə də konfrans və tədbirlərdə çıxışlarında şəhərin necə bərpa edildiyini, oradakı inkişafı, insanların geri qayıdışını daha yaxşı təbliğ edə biləcəklər. Bu, əlbəttə, diplomatlarımızın mövqeyini daha da gücləndirəcək”.
"İndiki diplomatiyamız, əlbəttə, fərqlənir"
Sabiq nazir Azərbaycan diplomatiyasının bugünkü səviyyəsini də dəyərləndirib:
“İndiki diplomatiyamız, əlbəttə, fərqlənir. Mənim dövrümdə Azərbaycan torpaqları işğal altındaydı, 1 milyona yaxın qaçqın və məcburi köçkün vardı. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən, torpaqlarımızın tam şəkildə azad edilməsindən sonra ritorika tamamilə dəyişdi. Bizim dövrümüzdə də diplomatlar ürəklə çıxış edir, "Qarabağ torpaqları azad olunmalıdır!", "BMT Təhlükəsizlik Şurasının qətnamələri gərək yerinə yetirilsin!" deyirdilər. Amma artıq Azərbaycanın hörməti qat-qat qalxıb. Azərbaycan suverenliyini tam şəkildə bərpa edib, indi daha güclüdür. Bütün dünyada özünə hörmət qazanıb”.