Modern.az

Atama and içirəm: Vətən hər zaman var olacaq! - Milli Qəhrəmanın OĞLU

Atama and içirəm: Vətən hər zaman var olacaq! - Milli Qəhrəmanın OĞLU

Aktual

14 İyul 2025, 10:36

Vətən müharibəsinə gedən yolda şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik İlqar Mirzəyev olub. 14 iyul onun şəhadətə ucaldığı gündür. 

Milli Qəhramandan yadigar qalan oğlu Elvin Mirzəyev atasının şəhidlik məqamına ucaldığı bu gündə emosional duyğularını ifadə edib.

Modern.az Elvin Mirzəyevin atası ilə bağlı duyğusal paylaşımını təqdim edir:

"Canım atam. Şəhidlik məqamına ucalmağından 5 il ötdü. Bəzən, bu sözü deyəndə qəribə gəlir mənə, çünki sən onsuz da sağlığında elə uca, elə gözəl və dəyərli insan idin ki... Atam sənsiz keçən bu 5 il mənə çox, amma çox ağır oldu. Atasızlıq mənə həm həyata tutunmağa öyrətdi, həm də bir insana ATA necə lazımıymış onu bildirdi. Sən bütün sahələrdə öz vəzifəni mükəmməl şəkildə yerinə yetirdin, bundan əmin ol. İstər ata kimi, istər şəxsiyyət və zabit kimi. Nə xoş mənə ki, sənin kimi bir insanın övladıyam, nə xoş mənə sənin kimi bir şəxsiyyətin davamçısıyam. İdealım, həyatda hər zaman çalışacam sənin kimi ŞƏXSİYYƏT olum, sənin kimi ATA olum. Sənin haqqında hər zaman danışılacaq, heç zaman unudulmayacaqsan və sənin ardınca minlər, milyonlar bu şərəfli yola baş qoyacaq. Sənin və sizlər kimi şəhidlərin bizlərə ötürdüyü, əmanət etdiyi bu doğma vətən hər zaman var olacaqdır. Üçrəngli bayrağımız başımızın üstündə daim dalğalanacaqdır. Baş əyirəm, ruhun qarşısında, öpürəm qanının axdığı VƏTƏN torpağından. Ailəmizə əmanət etdiyin şərəfli adını ucalardan uca edəcəyimizə söz veririk. Doğma Azərbaycanımız hər zaman var olacaq, imkan verməyəcəyik düşmən silahı sərhədə tuşlansın, qoymayacağıq bir düşmən gülləsi bu torpağa atılsın. Necə ki 5 il bundan əvvəl yumruq olub, birləşib düşmənin başını əzdik, bundan sonra da həmin qətiyyətlə həm sərhəddə, həm siyasətdə irəliləyəcəyik. Ruhun şad olsun Qəhrəmanım, ruhun şad olsun millətin Qəhrəmanı!".

Qeyd edək ki, Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi