İtaliyanın Kaorle şəhərində sərbəst güləş idman növü üzrə keçirilən “U20 Avropa çempionatı”nda Gəncə Dövlət Universitetinin tələbəsi böyük uğur qazanıb. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının 3 kurs tələbəsi Vasif Bağırov Avropa çempionu adını qazanaraq qızıl medalın sahibi olub. Vasif Bağırovun rəqibləri Türkiyə, Macarıstan, Moldova və Gürcüstan Respublikasının idmançıları olub.
Bu barədə Modern.az-a Gəncə Dövlət Universitetindən bildirilib.
Universitetin rektoru Yusif Yusibov Vətənə qayıdan Vasif Bağırovla görüşüb, onu təbrik edərək, uğurlar arzulayıb.
Avropa çempionu olan Vasif Bağırov yarışla bağlı təəssüratlarını bölüşüb və GDU-da idmançılara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Görüş zamanı Pedaqoji fakültənin dekanı Zaur Hüseynov və universitetin İdman Klubunun rəhbəri Xəqani Umudov Vasif Bağırovun digər uğurlarından danışıb. Qeyd ediblər ki, Vasif Bağırov “U17 Avropa çempionatı-2022”-də qızıl, “U17 Dünya çempionatı-2022”-də qızıl, “U20 Avropa çempionatı-2024” yarışında isə gümüş medalla təltif olunub. O, həm də dünya çempionatında kəmər sahibidir.