Modern.az

Nazirlik yeni milli parklarla bağlı məlumat yaydı

Nazirlik yeni milli parklarla bağlı məlumat yaydı

Aktual

15 İyul 2025, 09:43

Xəbər verdiyimiz kimi, Prezident  İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib ki, bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir.

"Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir.

İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966,0 hektardır.

Qeyd edək ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi. Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib. 
 
Hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi ilə yanaşı, regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq",-məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi