Bu gün Fəthullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən 9 il ötür. 2016-cı ilin 15 iyulunda Türkiyə tarixinin ən qaranlıq günlərindən biri yaşandı. Küçələrə çıxan tanklar körpüləri bağladılar. Bir qrup FETÖ-çü əsgər ölkənin rəsmi dövlət kanalı olan TRT-yə basqın edərək xəbər aparıcısına çevriliş mətnini oxutdurdu. Qiyamçılar polis və hökumət binalarına hücum etdilər. Tarixdə ilk dəfə TBMM (Türkiyə Böyük Millət Məclisi) bombalandı.
Hadisələr yaşanarkən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan telefonla CNN Türk telekanalının canlı yayımına bağlanaraq, xalqı vətəni, demokratiyanı mühafizə etmək üçün meydanlara çağırdı. Türkiyə xalqı Prezidentin ətrafında sıx birləşərək vətənini FETÖ-çü terrorçulardan qorumaq üçün meydanalara axışdı. Tarix boyu boyunduruğa, zülmə səssiz qalmayan qəhrəman türk xalqı bu dəfə də öz xarakterini ortaya qoydu və silahların, tankların, hərbi təyyarələrin önünə əliyalın, silahsız çıxaraq vətənini, demokratiyasını qorudu, özü də canı bahasına.
Gecənin sonuna yaxın vəziyyət nəzarətə alındı, qiyamçılar tərksilah edildi, minlərlə hərbçi həbs olundu.
Çevriliş cəhdi nəticəsində 250-dən çox mülki və polis şəhid oldu, 2000-dən çox insan isə yaralandı.
15 iyul Türkiyə tarixində böyük dönüş nöqtəsidir və bu gün “Demokratiya və Milli Birlik Günü” kimi qeyd edilir.
Məhkəmələrə, polisə, hərbiyə, prokurorluğa və dövlətin digər strateji nöqtələrinə sızmış terror təşkilatı FETÖ-yə qarşı qazandığı zəfərdən sonra Türkiyə yalnız dövlətə yönəlmiş çevriliş cəhdinin qarşısını almaqla kifayətlənmədi, həm də bütün terror şəbəkələri ilə mübarizəsini daha da gücləndirdi.
Hazırda “Terrorsuz Türkiyə” strategiyası çərçivəsində ölkədə təhlükəsizliyi, sabitliyi və milli birliyi qorumaq üçün genişmiqyaslı addımlar atılır. Bu siyasətin nəticəsi olaraq, PKK lideri Abdullah Öcalan mayın 12-də tərəfdarlarını silahları yerə qoymağa çağırdı. İyulun 11-dən PKK terrorçuları silah buraxmağa başlayıb.
Türkiyə bu gün də həm daxili, həm də xarici təhdidlərə qarşı mübarizəsini qətiyyətlə davam etdirir. 15 iyulda xalqın göstərdiyi birlik və iradə “Terrorsuz Türkiyə” arzusu üçün ən böyük ilham mənbəyi olub.