Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasından məzun olan Səidə Ərəbova 98.94 balla 2025-ci il üzrə ali məktəbin birincisidir.
Universitetdən Modern.az-a bildirilib ki, Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsi Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı müvəffəqiyyətlə bitirən Səidə Ərəbovanın ilk ali təhsil yolu Azərbaycan Tibb Universitetindən (ATU) başlayıb. 2013-cü ildə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq ATU-nun müalicə işi ixtisasına ödənişli əsaslarla qəbul olub. 2019-cu ildə həmin universiteti uğurla başa vurub, lakin informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, həyatımızın ayrılmaz bir parçasına çevrilməsi onda innovativ sahələrə güclü maraq oyadıb və dövlətimizin verdiyi imkanlardan yararlanaraq ikinci ali təhsil almaq qərarına gəlib. Bu dəfə I ixtisas qrupuna müstəqil şəkildə hazırlaşaraq 2021-ci ildə keçirilən imtahanlarda 541.8 bal toplayıb və BMU-nun informasiya texnologiyaları ixtisasına qəbul olub.
BMU-nun tələbəyə yanaşması, müasir və keyfiyyətli təhsil imkanları, elmi-pedaqoji heyətinin peşəkarlığından məmnun qalan Səidə Ərəbova belə bir mühitdə dərslərinə həvəslə çalışıb və universitet birincisi kimi məzun olmağı bacarıb.
O, təhsil aldığı dövrdə yüksək fəallığı və bir sıra uğurları ilə seçilib. Belə ki, İnnovasiyalar mərkəzi, “Bilişim Vadisi Bakı” və “Saha Robotics”in təşkil etdiyi robotik kodlama düşərgəsində iştirak edib. Sonra “Azərbaycan 2030 və dayanıqlı inkişaf” tələbə müsabiqəsinə qatılıb. “Girls Code” platformasının təşkil etdiyi təqaüd proqramının qalibi olub və tam təqaüdlə “Data Science” təhsili alıb. Əlavə olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “StrategEast” və “Oracle”ın təşkil etdiyi “Digital Level Up” proqramının “Data Science” modulu üzrə iştirakçısı olub. Oracle-ın “Data Science” professional sertifikatını əldə edib. Eləcə də “Pasha Hub”ın təşkil etdiyi “Future Shapers” proqramının finalçısı olub. Keçən ay “AIAcademy”də “AI engineer” kursu üçün tam təqaüd qazanıb. Karyerasını süni intellekt sahəsində qurmağı planlaşdıran BMU birincisi hazırda nüfuzlu özəl şirkətdə süni intellekt üzrə təcrübə keçir.
Səidə Ərəbova təhsilindəki uğurlarında əvəzsiz rolu olan obyektiv, qayğıkeş müəllimlərinə, heç zaman dəstəyini ondan əsirgəməyən ailəsinə minnətdarlıq edir və karyera yolunun uğurlu başlayacağına, suverenliyi tam təmin edilmiş qalib dövlətimizə faydalı olacağına dərindən inanır.