Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni razılaşdırılıb, mətn üzrə danışıqlar başa çatıb.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
“İndi saziş layihəsinin mətninin bu və ya digər başlıq altında elan olunması, Azərbaycanla necə irəliləyəcəyimiz, yol xəritəsinin nədən ibarət ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq”, - Paşinyan əlavə edib.
"Sazişin ilkin imzalanma ideyası da gündəmdədir və bu, menyuda nəzərdən keçirilən variantlardan biridir”, - Paşinyan deyib.
O bildirib ki, Ermənistan sülh sazişinin imzalanmasına doğru irəliləmək üçün heç bir fürsəti əldən verməyəcək.
Baş nazirin sözlərinə görə, İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilər. O, məsələnin müzakirə masasında olduğunu deyib.