Bakının Böyükşor-Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri aparılır.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin birgə məlumat yayıb.
Məlumata görə, qeyd olunan yolda monitorinqlər həyata keçirilir.
“Monitorinqlərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.