Modern.az

İstilər 41 dərəcəyə çatanda işlər dayandırılacaq! - RƏSMİ

İstilər 41 dərəcəyə çatanda işlər dayandırılacaq! - RƏSMİ

Aktual

17 İyul 2025, 11:52

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

Məlumatda qeyd olunub ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin, işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar da hazırlamalıdır.

Qurumdan əlavə edilib ki, istehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Belə ki, növbələrin bir-birini əvəz etməsi isə həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. 

“İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir”,- qurumdan bildirilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin sön günlərə dair hava proqnozlarında istilərin şiddətləndiyi bildirilib. İyulun 13-də isə Azərbaycanın bəzi yerlərində temperatur 41 dərəcəyə çatıb.

Aytac Bəhruzqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi