İyulun 16-da Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Modern.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hazırda işğaldan azad edilmiş torpaqlarımızda, eləcə də Cəbrayılda gedən genişmiqyaslı bərpa-quruculuq işlərindən və məskunlaşma prosesindən ətraflı bəhs edib. Həmçinin ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, konfransın işinə uğurlar arzulayıb.
Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ağsaqqallar işğaldan azad olunmuş, gündən-günə abadlaşan, gözəlləşən Cəbrayıl rayonunun ictimiai-mədəni həyatında yaxından iştirak edərək bir sıra əhəmiyyətli işlərin yerinə yetirilməsinə dəstək olur, həlli vacib problemlərin aradan qaldırılması ilə bağlı təşəbbüslərlə çıxış edir, öz səmərəli təkliflərini irəli sürürlər.
Rayon Ağsaqqallar Şurasının üzvləri hesabat məruzəsi ətrafında çıxış edərək Şuranın fəaliyyətini yüksək qiymətləndiriblər, cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi fəaliyyət göstərən, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi olan ağsaqqalların öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, Cəbrayılda da gedən yüksək quruculuq və məskunlaşma prosesi fonunda ağsaqqalların səmərəli fəaliyyətini alqışlayıb. Növbəti tədbirlərin Azərbaycanın o gözəl guşəsində keçirilməsini arzulayıb. Natiq, həmçinin, vurğulayıb ki, ağsaqqalların hər şeyə rəğmən göstərdikləri bu əzmkar fəaliyyət kütləvi informasiya vasitələrində daha çox işıqlandırılmalı, gənclər üçün örnək olmalıdır. Bayram Yusifov “Konstitusiya və Suverenlik İli”ndə ağsaqqalların təşkilatçılığı və iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, regional konfranslardan və bu istiqamətdə görüləcək işlərdən də ətraflı danışıb, suverenliyimiz və müstəqilliyimizlə bağlı tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması ilə əlaqədar ağsaqqalların üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. O, Azərbaycan xalqının yüksək dəyərlərə malik möhtəşəm bir xalq olduğunu vurğulayaraq bu xalqı təmsil edən, eləcə də insana xas bütün müsbət keyfiyyətləri özündə daşıyan, bizim üçün əsl nemət sayılan ağsaqqallara Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda 75 illik yubileyi və uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmova Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı tədqim edilib.