Elçin Şıxlının sədri olduğu Azərbaycan Jurnalistlər Birliyi 2025-ci il üçün Həsən bəy Zərdabi mükafatının laureatlarının adlarını açıqlayıb.
Modern.az-ın məlumatına görə, mükafatlar mətbuat, televiziya, radio və elektron mediada peşəkarlığı ilə seçilən qələm sahiblərinə təqdim olunub.
Qaliblər aşağıdakı jurnalistlərdir:
AzTV-nin əməkdaşı, idman jurnalisti Aydın Əliyev Azərbaycan idmanının təbliğinə verdiyi töhfəyə görə, Vüqar Abbasov (Niderland Krallığı) Azərbaycanın beynəlxalq tanıdılması istiqamətindəki məqalələrinə görə, CBC kanalından Oksana Vəliyeva müəllif proqramlarına görə, Qafqaz.TV-dən Eltən Qədimbəyli region televiziya mediasına verdiyi dəstəyə görə mükafatlandırılıb.
Kriminal mövzuda yazılarına görə Ramella İbrahimxəlilova, ölkə elminin təbliğində fəaliyyətinə görə Nərgiz Qəhrəmanova (AMEA), hərbi reportajlarına görə Seymur Kazımov, “Gizlədilmiş tarix” silsiləsinə görə Ramilə Qurbanlı da Zərdabi mükafatına layiq görülənlər sırasındadır.
İctimaiyyətlə əlaqələr sahəsində fəaliyyətinə görə Zeynab Kazımova (Enerji Məsələlərini Tənzimləmə Agentliyi), vətənpərvərlik və tarixi mövzularda layihələrinə görə Cəmilə Çebotaryova (Yeni Çağ Media Qrupu), publisistikasına görə Fuad Biləsuvarlı, diaspor şəxsiyyətlərinin varisləri ilə müsahibələrinə görə Hafiz Əhmədov, uzun illər mətbuata verdiyi töhfələrə görə Mətin Məcidli (Səhiyyə Nazirliyi), ictimai-siyasi məqalələrinə görə Vasif Həsənli (Demokrat.az) və vətənpərvərlik mövzusuna görə Nəzakət Əhmadova mükafata layiq görülüblər.
Qaliblər bu gün mükafatlandırılacaqlar.