"2025-ci ilin iyul ayında Şuşa Qlobal Media Forumunun üçüncü dəfə keçirilməsi təkcə Azərbaycanın informasiya diplomatiyasındakı təşəbbüskarlığını deyil, həm də yeni geosiyasi konfiqurasiyada regional mərkəzə çevrilmək qətiyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin Xankəndidə, keçmiş separatizmin rəmzinə çevrilmiş ərazidə verdiyi mesajlar, həm daxili siyasi sabitlik, həm də xarici aktorların mövqeyi baxımından ciddi təhlil tələb edən strateji tezislərdən ibarətdir."
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkilinin sözlərinə görə Forumun Xankəndidə keçirilməsi isə Azərbaycan dövlətinin suverenlik prosesininin rəmzi olaraq deyil, praktik addımlarla bərpa edildiyini göstərir:
"Konqres Mərkəzinin məhz separatçıların “parlament” kimi istifadə etdiyi binanın yerində inşa olunması simvolik deyil, siyasi iradənin konkret ifadəsidir. Bu yanaşma, postmünaqişə mərhələsinin “reabilitasiya” deyil, “reintegrasiya və təsir göstərmə” fazasına keçdiyini göstərir.
Prezidentin çıxışında toxunduğu məsələlərdən biri beynəlxalq münasibətlər sisteminin ikili standartlarla idarə olunması idi. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin illərlə status-kvonu qorumağa çalışdığını, hətta bəzi hallarda bu vəziyyətin “əbədi” olmasını təmin etmək istədiklərini vurğuladı. Bu, əslində, hüquqa əsaslanan beynəlxalq sistemin de-fakto maraq balansına əsaslanan qeyri-rəsmi “qayda”larla işlədiyini göstərir. 30 ilə yaxın bir müddətdə qəbul olunmuş BMT qətnamələrinin icra olunmaması, Azərbaycanın “reallıqla barışmaq” çağırışlarına məruz qalması beynəlxalq hüququn təkcə zəif icra olunduğunu deyil, həm də selektiv şəkildə tətbiq edildiyini ortaya qoyur."
Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti isə bu forumda yeni strateji çalarlarla təqdim edildi:
"Prezident bu dəhlizi təkcə Azərbaycanla Naxçıvanı birləşdirən regional xətt kimi deyil, Orta Asiya–Cənubi Qafqaz–Avropa marşrutlarının mühüm kəsişməsi kimi xarakterizə etdi. Bu kontekstdə Ermənistanın bu layihədə iştirak etməməsi, onun tranzit və diplomatik potensialını tükəndirməklə yanaşı, bu ölkənin bölgədə formalaşan nəqliyyat şəbəkələrindən kənarda qalmasına səbəb olur. Burada siyasi məsələ təkcə bir yolun tikilib-tikilməməsi deyil, bölgənin gələcək siyasi-iqtisadi çəkisinin hansı mərkəzin ətrafında formalaşacağı ilə bağlıdır. Ermənistanın bu marşrutdan kənarda qalması onun tədricən həm iqtisadi, həm də siyasi təcridə sürüklənməsi deməkdir.
Qarabağın azad olunmasından sonra Prezident İlham Əliyevin çıxışlarında müşahidə olunan əsas xətt Azərbaycanın yalnız hərbi qələbə ilə kifayətlənmədiyi, bu qələbənin siyasi və diplomatik nəticələrinin də tam mənada əldə olunduğu mesajıdır. O, 2003-cü ildən bəri iştirak etdiyi danışıqlar prosesinin nəticəsiz qalmasını yalnız qarşı tərəfin qeyri-konstruktiv mövqeyi ilə deyil, həm də beynəlxalq aktorların separatizmi susqun şəkildə dəstəkləməsi ilə izah etdi. Bu, postsovet məkanında bir çox dövlətin qarşılaşdığı ortaq problemlə səsləşir. Yəni beynəlxalq mexanizmlər faktiki olaraq siyasi iradəsi zəif olan aktorları deyil, güc sahibi olan tərəfi mükafatlandırır."
Azər Kərimli onu da vurğulayıb ki, forumla bağlı diqqətə alınmalı başqa bir məqam isə, şübhəsiz ki, liderlik faktorudur:
"Prezidentin çıxışında şəxsiyyət amilinə verdiyi önəm – “əgər mən etməsəydim, yəqin ki, bunu heç kim edə bilməzdi” fikri siyasi reallığın olduğu kimi ifadə olunmasıdır. Bu yanaşma postsovet məkanında liderliyin yalnız inzibati idarəetmə deyil, həm də geosiyasi transformasiya bacarığı ilə assosiasiya olunduğunu göstərir. Bu, eyni zamanda, Azərbaycanın daxili sabitliyinin əsas mənbələrindən biri olan xalq-iqtidar birliyinin və milli həmrəyliyin təsdiqidir.
Digər tərəfdən, Prezidentin ədalətə olan inamın belə zamanla zəiflədiyini qeyd etməsi, dövlət başçısının öz vətəndaşları ilə empatik münasibətinin göstəricisidir. Lakin o, bu ümidsizliyi qətiyyətli siyasi addımlarla əvəzləyərək sübut etdi ki, ədalətə nail olmaq mümkündür. Lakin bu, yalnız beynəlxalq tribunalarla deyil, real siyasi iradə və strateji planlaşdırma ilə mümkündür.
Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibarın iki əsas dayağı kimi Prezident İlham Əliyev dürüstlük prinsipini və beynəlxalq hüquqa sadiqliyi göstərdi. Bu, xüsusilə də internet və informasiya bolluğu dövründə siyasi liderin öz idraki, qətiyyəti və dürüstlüyü ilə nüfuz qazandığını təsdiqləyir. Azərbaycan heç bir regional və ya beynəlxalq məsələdə ikili standart tətbiq etməyib, separatizmə qarşı vahid və ardıcıl mövqe nümayiş etdirib. Bu, ölkənin yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış etməsinə imkan yaradıb.
Nəhayət, Azərbaycanın coğrafiyası həm imkan, həm də risk daşıyır. Prezidentin fikrincə, Azərbaycanın daxili sabitliyi onun geosiyasi mövqeyini daha da gücləndirir, lakin xarici təzyiqlərin və sürprizlərin ehtimalı da artır. Məhz buna görə də Azərbaycan aktiv xarici siyasət yürüdür, həm Avropa, həm də İslam dünyası ilə eyni vaxtda əməkdaşlıq edir.
Azərbaycan postmünaqişə dövründə yalnız ərazilərini deyil, həm də regional oyun qaydalarını dəyişdirən, yeni güc mərkəzi kimi formalaşan subyektə çevrilib. Prezident İlham Əliyevin Xankəndidən verdiyi mesajlar isə təkcə bir forumun ritorikası deyil, XXI əsrin yeni geopolitik kodlarını oxumaq üçün açar funksiyası daşıyır."