22 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Mətbuat Günü”nə həsr olunmuş “Milli mətbuatın 150 illik inkişaf yolu: Keçmişdən gələcəyə” adlı konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Vüqar Rəhimzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri Vüqar Əhməd, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma, Mətbuat tarixi və Publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva, mətbuat tədqiqatçısı Leyla Məmmədli, həmçinin RİH başçısı Aparatının və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl RİH başçısı və qonaqlar Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də mövzu ilə əlaqədar videoçarxın nümayişi ilə başlanılıb.
Daha sonra Milli Məclisin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə geniş nitq söyləyərək, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə əsası qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli inkişaf yoluna nəzər salmış, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır. O, bildirmişdir ki, dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı milli mətbuatın inkişafında yeni mərhələ açmış, 1998-ci ildə dövlət senzurasının ləğvi isə söz və mətbuat azadlığının təmin olunmasına və mətbuatın sürətli inkişafına ciddi təkan vermişdir.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək, milli mətbuat tariximizin yalnız informasiya vasitəsi deyil, həm də xalqın mənəvi yaddaşı və milli ideologiyanın daşıyıcısı olduğunu qeyd etmişdir. O, “Əkinçi”dən bu günə qədər keçilən yolun milli düşüncənin, maarifçiliyin və azərbaycançılıq ideyasının mətbuat üzərindən formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmış, aparılan elmi tədqiqatların və arxiv sənədləri əsasında hazırlanmış monoqrafiyaların tədqiqatçılar və gənc nəsil üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma çıxışında media ilə cəmiyyət münasibətləri kontekstində maarifçi ənənələrin qorunması və ədəbiyyatla mətbuatın qarşılıqlı təsirindən bəhs etmiş, müasir informasiya çağırışları fonunda bu harmoniyanın əhəmiyyətini xüsusi qeyd etmişdir. O, müasir medianın ədəbi və ideoloji dəyərlərlə zənginləşdirilməsinin cəmiyyətin sağlam informasiya ilə təmin olunmasında vacib rol oynadığını və institutun bu istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayeva və mətbuat tədqiqatçısı Leyla Məmmədli çıxış edərək, milli mətbuat tariximizin zəngin və dəyərli irsə malik olduğunu, bu irsin qorunub saxlanılması və yeni nəsilə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş, həm klassik mətbuat nümunələrinin öyrənilməsinin, həm də onların müasir dövr üçün aktuallığının araşdırılmasının vacibliyini vurğulamışlar. Onlar bildirmişlər ki, mətbuatın inkişaf yoluna nəzər salmaqla milli dəyərlərin formalaşması və cəmiyyətin tərəqqisinə təsiri daha yaxşı anlaşılır.
Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bütün mətbuat işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O, milli mətbuatımızın 150 illik inkişaf yolunun zəngin tarixi irs və böyük məsuliyyət demək olduğunu qeyd etmişdir. Vasif İmanov bildirib ki, mətbuat yalnız informasiya ötürən vasitə olmaqla kifayətlənmir, həm də xalqın mənəvi yaddaşı və milli ideologiyasının əsas daşıyıcısıdır. Prezident İlham Əliyevin 2020-ci il Vətən müharibəsi dövründə verdiyi müsahibələr, etdiyi çıxışlar və həyata keçirdiyi strateji yanaşmanın Azərbaycan mediasının inkişaf istiqamətini müəyyənləşdirdiyini vurğulayan RİH başçısı əlavə etmişdir ki, bu yanaşmanın davamı olaraq Prezidentin təşəbbüsü ilə Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq səviyyədə mühüm hadisəyə çevrilmişdir. Bu cür forumlar və Prezidentin media ilə açıq kommunikasiya siyasəti Azərbaycan jurnalistlərinin daha məsuliyyətli, vətənpərvər və beynəlxalq standartlara cavab verən peşəkarlar kimi yetişməsinə güclü təkan verir.
Tədbirin sonunda milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən bir sıra şəxslər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanları ilə təltif olunublar.