Samuxda Milli Mətbuat Günü ilə əlaqədar mətbuat nümayəndələri ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə bir qrup media nümayəndələri ilə İcra Hakimiyyətində görüş keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirib ki, 150 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub.
Mətbuat nümayəndələri ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri imkanlar yaradılmasından, Azərbaycan mətbuatının yüksək dövlət qayğısı ilə əhatə olunması istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsindən danışaraq göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə mətbuat nümayəndələrinə dəyərli hədiyyələr təqdim olunub.