Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.
Bu barədə Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.
Yenilik hazırda bütün mobil operatorlarının abunəçiləri üçün aktivdir. Mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.
Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.