Modern.az

Hədiyyə kartlarının etibarlılıq müddəti olmalıdır?

Hədiyyə kartlarının etibarlılıq müddəti olmalıdır?

Aktual

23 İyul 2025, 14:05

"Sabina" və "Adore Parfumeriya" mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarının altı ay və ya bir ilə kimi məhdud etibarlılıq müddəti ilə satışa çıxarılması və müddət bitdikdən sonra etibarsız sayılması məsələsinə məhkəmə qaydasında hüquqi qiymət verilib.

Modern.az xəbər verir ki, bu barədə vəkil Hikmət Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, "Ador Kompani" MMC-nin "Sabina" və "Adore Parfumeriya" mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarının altı ay və ya bir ilə kimi məhdud etibarlılıq müddəti ilə satışa çıxarılması və vaxt bitdikdən sonra etibarsız sayılması səbəbindən kart sahibləri heç bir məhsul əldə etmədən istifadədən məhrum olur, şirkət isə gəlir əldə edirdi:

"Problemin ictimai əhəmiyyətini nəzərə alaraq ilk instansiya olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etsəm də, iddiam rədd edilmişdi. Lakin apellyasiya şikayəti verdim və Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə məsələ araşdırıldı. Nəticədə şikayət təmin olunub".

Məhkəmə prosesində göstərdiyi peşəkarlığa görə hakim Fərrux Qasımova təşəkkürünü bildirən iddiaçı, bu qərarın həm hüquqi, həm də sosial əhəmiyyətini vurğulayıb.

"Apellyasiya məhkəməsinin qərarı yalnız fərdi halda hüququ bərpa etməklə kifayətlənməyib, eyni zamanda "iki ulduzlu qərarlar" sırasına daxil edilərək vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfə verib.

Bu qərar yalnız bir hədiyyə kartı ilə bağlı hüquqi nəticə doğurmadı. O, gələcəkdə minlərlə insanın hüquqlarının pozulmasının qarşısını alacaq, vətəndaşların əsassız zərərə məruz qalmasının, şirkətlərin isə hüquqa zidd şəkildə əsassız qazanc əldə etməsinin qarşısını alacaq",- deyə vəkil qeyd edib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?