Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademikk tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina verilib.
Bu barədə Modern.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, xaricdə natamam ali təhsil alan şəxslərə şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 5 iyun-9 iyulda 192 nəfər şəxsin müraciəti qeydə alınıb. Həmin müraciətlərdən 171-i barədə müsbət qərar verilərək, qazanılmış Avropa Kredit Transferi və Toplanması Sistemi (AKTTS) sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilib, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.
Məlumata görə, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib.